14 Dekabr 2024

25 noyabr – Kəlbəcər Şəhəri Günüdür

Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır.Kəlbəcər həm də turistlərdə maraq yarada biləcək bir çox tarixi abidələrlə zəngindir. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Ermənistanın Azərbaycanın torpaqlarını işğal edən zaman ciddi hərbi cinayətlərə də yol verdiyi hər kəsə məlumdur. Qərbin bir sıra təşkilatları, dövlətləri uzun illər bunu görməzdən gəlsələr də, tarix və fakt yerindədir.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildi və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salınmışdı.

Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən dörd il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.

Xalqımız, Rəşadətli ordumuzla və Müzəffər Ali Baş Komandanla birgə, Şanlı Zəfərin dördüncü ildönümünü qeyd edir. Xalqımız və ölkəmiz var olduqca bu qələbənin səbəbkarları sayılıb, seviləcəkdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı