15 Dekabr 2024

20 noyabr – Ağdamın azad olunduğu şanlı gün

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Beləliklə, xalqımızın 30 illik Qarabağ həsrəti Vətən Müharibəsində qazandığımız Qələbə sayəsində başa çatdı. Vətən Müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi.

2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün. Bu tarix xalqımız üçün qürur günüdür. Torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gözəl anlar üçün Ali Baş Komandana təşəkkür edirik. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.

Erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş, daha doğrusu, atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam hazırda özünün xoşbəxt günlərini yaşayır. Ona belə günləri bəxş edən isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında bu şəhərdə aparılan yenidənqurma və abadlıq-quruculuq işləridir. Rayonda daş üstünə qoyulduqca sanki bu qədim diyar ağrılarını unudur. Xatırladaq ki, Ağdamın 30 illik erməni işğalından sonra şəhərdə yeganə sağ qalan tikili məscid idi. O da erməni vandalları tərəfindən yalnız hərbi məqsədlər üçün istifadə edildiyinə görə salamat saxlanılmışdı. Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq. Milli-mədəni irsimiz olan Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir. Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu işğaldan azad olunan bütün ərazilərimizdə tarixi, mədəni, dini irsimizin bərpası yönündə müstəsna işlər həyata keçirilir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı