15 Dekabr 2024

Müstəqil dövlətin yeni Konstitusiyası

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Azərbaycan Konstitusiyası dolğun və mükəmməl olmaqla yanaşı, dinamik bir sənəddir, həyatımızın yeniləşməsi və tərəqqisi üçün mühüm vasitədir.

5 bölmə, 12 fəsil və 158 maddə həcmində qəbul edilən Əsas Qanunumuzun əksər hissəsi, daha doğrusu, üçdən biri insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Təkcə bu fakta əsaslanıb Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət olduğunu söyləmək mümkündür. Əlbəttə, bu mühüm qanunvericilik bazası hazırlanarkən inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi, həmçinin, xalqımıza xas olan humanist dəyərlər nəzərə alınıb. “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” ifadəsi dövlətin idarə olunmasında ölkə vətəndaşlarının iradəsinin nəzərə alındığını göstərir.

Yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı