14 Dekabr 2024

Azərbaycanın siyasi və təhlükəsizlik maraqlarına cavab verən nəticə

2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə Bəyanat imzalamaqla 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər.

Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

Müharibə günlərində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi, həm də Ermənistanın havadarlarına bir mesaj oldu. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək. İki qardaş ölkə arasında ictimai-siyasi müstəvidə də əməkdaşlıq uğurla inkişaf etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq.

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı