15 Dekabr 2024

COP29-un Yaşıl zonasında nələr var? – REPORTAJ, FOTOLAR

Məlum olduğu kimi, COP29-un keçirildiyi Bakı Olimpiya Stadionunda Mavi zona ilə yanaşı, Yaşıl zona da mövcuddur.

Yaşıl zona müxtəlif maraqlı tərəflərin dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qurduğu məkandır.

COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan Yaşıl zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir.

Əsas məqsədlərdən biri iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Burada maraqlı tərəflər iqlim dəyişmələri ilə mübarizə sahəsində öz innovativ həll variantlarını təqdim etmək və prosesə töhfə vermək imkanı əldə edirlər.

Yaşıl zonada 56 pavilyon, xarici, yerli şirkətlərə, eyni zamanda dövlət qurumlarına aid stendlər var.

Musavat.com-un əməkdaşı onlardan bir neçəsinə yaxınlaşıb və təklif olunan yeniliklərlə maraqlanıb.

MEMMED.jpeg (580 KB)

“Azersun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov bildirib ki, “Azersun Holdinq” COP29-un dayanıqlı inkişaf tərəfdaşıdır:

“Pavilyonumuzda dayanıqlı inkişaf üzrə həyata keçirdiyimiz layihələri təqdim edirik. Su itkilərinin qarşısının alınması istiqamətində görülən işlərlə bağlı qonaqlara məlumat veririk. Eyni zamanda monitorlarda BMT tərəfindən qəbul olunmuş dayanıqlı inkişaf məqsədləri və s. barədə məlumatlar təqdim olunur. Pavilyonumuzda iclas otağı var ki, burada gün ərzində müxtəlif təlimlər, panel müzakirələri və təqdimatlar həyata keçirilir.

Ziyarətçilərin çay təminatını “Azərçay” həyata keçirir.

Bundan başqa, ilk dəfə iki yeni startap – “Econar” və “Eco19″u təqdim edirik. Bu mobil tətbiqlər hesabına dayanıqlı inkişafa töhfənin verilməsi gözlənilir.

“Econar” daha çox korporativ müştərilər üçündür. Bu proqram təminatından istifadə etməklə müxtəlif şirkətlər öz istehsal müəssisələrində dayanıqlı inkişafa nəzarət edə bilərlər. “Eco19” isə daha çox fərdi mobil tətbiqdir. İstifadəçilər bu tətbiq vasitəsilə ətraf mühitin qorunması istiqamətində gördükləri işlər üzrə müxtəlif tapşırıqları icra etməklə xallar qazana, bu xalların hesabına müxtəlif hədiyyələr qazana bilərlər.

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə isə Musavat.com-a açıqlamasında vurğulayıb ki, bu il bütün dünyada istər dövlət, istərsə də özəl sektor iqlim dəyişikliyi ilə əlaqədar müəyyən öhdəliklər götürüb:

“Bu öhdəliklərin götürülməsi BMT-nin iqlim dəyişikliyi üzrə təşəbbüsləri çərçivəsində həyata keçirilir ki, bu çərçivədə tövsiyələr toplusu var. “Azərişıq” da “Yaşıl enerji” konsepsiyasını qurarkən bu tövsiyələrdən yararlanıb. Bu, həm beynəlxalq platformada qəbul olunmuş, həm də dərindən araşdırılmış tövsiyələr toplusudur. Onların içində artıq enerji sektoru üçün müəyyən təşəbbüslər formalaşıb. Artıq bir çox ölkədə bu təşəbbüslər əsasında müəyyən layihələr həyata keçirilir. Beynəlxalq təcrübəni əldə rəhbər tutaraq bir sıra həm innovativ texnologiyalar, həm “yaşıl texnologiyalar”, həm də müasir həllərlə sübut olunmuş layihələr gerçəkləşdirilir. Bunlardan birincisi Rəqəmsal İdarəetmə Mərkəzi, başqa sözlə desəm, “Yaşıl paylayıcı şəbəkə” modelidir ki, 35/0,4kV-luq xüsusi kabel xətlərindən, yüksək sürətli optik lifli kanallarla təchiz edilmiş kabel xətlərindən istifadə olunur, əraziyə getmədən, əlavə yanacaq sərf etmədən dronla monitorinqlər keçirilir.

Bundan əlavə, “yaşıl konsepsiyamıza” yarımstansiyaların dam örtüyündə günəş panellərinin quraşdırılması, 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkı da daxildir. Əlavə olaraq, Cənubi Qafqazda ilk dəfə Füzuli şəhərində rəqəmsal yarımstansiya layihəsini təqdim etmişik. Layihələrin proqram təminatı eletromobillər üçün enerji doldurma məntəqələrinə inteqrasiya edilib. Pavilyonumuzda təqdim etdiyimiz işğaldan azad edilmiş ərazilərin maketində həyata keçirdiyimiz layihələr təsbit edilib və çox böyük marağa səbəb olub”.

Yaşıl Zonada “Trendyol”un da pavilyonu var.

Şirkətdən bildirilib ki, ”Trendyol”un dayanıqlılıq üzrə yol xəritəsi COP gündəliyinə uyğundur və bu platformanı dayanıqlılıq sahəsində məqsəd və hədəflərə nail olmaq üçün yaxşı bir fürsət kimi görür.

“Trendyol”un COP29-da iştirak etməkdə əsas məqsədi buradakı aparıcı ekspertlər və təşkilatlar ilə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə ”Trendyol”un iqlim davanıqlılığı və dayanıqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyalarının formalaşmasında mühüm rol oynayacaq.

“Trendyol” COP29-da həm öz pavilyonu ilə təmsil olunur, həm də Türkiyə və Azərbaycandan olan elm adamlarını birləşdirən ”Dayanıqlı Gələcək Platforması”nın pavilyonunun baş sponsorudur.

COP29 müddətində ”Trendyol” tədbir iştirakçılarına dayanıqlılıq və sosial təsir sahəsində həyata keçirdiyi bir çox layihəni, eyni zamanda 2024-cü il üzrə dayanıqlılıq hesabatını təqdim edəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com