15 Dekabr 2024

Ağdamda dövlət bayrağımız qürurla dalğalanır

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bioekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsi on minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.

Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində bərpa və yenidənqurma işlərinin müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə görülən tədbirlər çərçivəsində Ağdam şəhərinin gerbinin hazırlanmasının olduqca mühüm əhəmiyyəti var.

Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev işğaldan azad olmuş Ağdamda Azərbaycanın şanlı, müqəddəs üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir. Bu xalqımızın qüruru və fəxridir.

Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatınını əməkdaşı