14 Dekabr 2024

Zəfər Parkının açılışı xalqımıza Qələbəmizin sevincini bir daha yaşatdı

8 Noyabr – Zəfər Günü ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirib. Qələbə nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirilib, xalqımızın qəddi düz, başı uca olub, qürurumuz özümüzə qaytarılıb. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qalıblar.

Bakıda yaradılmış Zəfər Parkı Vətən müharibəsində qazanılan tarixi qələbəni tərənnüm edir. Bu möhtəşəm abidə Zəfər Gününü və xalqımızın sarsılmaz birliyini təcəssüm etdirir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmələri, dövlətimizin başçısının bu məkandan Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi milli qürur, iftixar mənbəyimiz olan şanlı Zəfər Günü münasibətilə təbrik etməsi sevincimizi qat-qat artırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və hazırkı postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, parlaq Qələbəmizdir. Həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gündə Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli getdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. Qırx dörd gündə şəhərlərimizin, kəndlərimizin azad edilməsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Gənclərimizin zəngin tariximizin hər bir səhifəsini öyrənmələri, vətənpərvərlik ruhunda tərbiyə olunmaları bugünümüzün əsas çağırışları sırasındadır. Azərbaycan gənci bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı qəhrəmanlıq dastanı ilə nümayiş etdirdi. Vətən, torpaq sevgisi bizi böyük Qələbəyə qovuşduran əsas amil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən çıxışında diqqəti bir daha bu reallıqlara yönəltdi. Bildirdi ki, indi təcavüzkar dövlətin bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı, məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi olmayıb. Yəni, bunu dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Zəfər parkı Azərbaycan xalqının milli ruhunu, birlik və vətənpərvərlik hissini gücləndirir. Zəfər Parkı həm də bir növ Azərbaycan xalqının qələbə rəmzidir. Burada, müharibədə şəhid olanların xatirəsi yad edilir və onların qəhrəmanlığı bu park vasitəsilə unudulmaz hala gəlir. Zəfər parkı qəhrəmanları daim özündə yaşadacaqdır. Eyni zamanda park qəhrəmanların, cəsurların məskəninə çevriləcəkdir.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri