Azərbaycan COP29-a ev sahibliyi edərək yeni tarix yaratdı
COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisi idi. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətli idi ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilmişdi. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbərdir.
Bildirək ki, SOP28 ötən il Dubayda keçirildi, bu il isə dünyanın gözü COP29-a ev sahibliyi edən Bakıda oldu. Bütün dünya ölkələrinin dövlət rəhbərləri bir araya gəlib iqlim dəyişikliyi ilə bağlı məhz Bakıda həll yolları axtarıldı. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasına sadiqliyini nümayiş etdirən strateji addımdır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı, əlaqədar qurumlar səfərbər edildi. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli fürsət və böyük məsuliyyət idi.
Dünyanı Azərbaycana toplayan, dünya diplomatiya tarixinə ölkəmizin adını yazdıran COP29 tədbiri uğurla başa çatdı. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrında bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan dərhal sonra keçirdiyi müşavirədə bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının növbəti böyük uğuru olacaq. Mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında qərara gəldikdə isə Prezident İlham Əliyev bildirdi ki, biz buna layiqik. Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. Paylaşımda qeyd olunduğu kimi, “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı