Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə keçirilib – YENİLƏNİB-5
Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.
Media1.az-ın xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.
Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada – Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.
Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.
***
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.
Musavat.com-un xəbərinə görə, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.
****
Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər təklif edilir.
Musavat.com-un xəbərinə görə, bununla bağlı məsələ Azərbaycan jurnalsitlərinin VIII qurultayının gündəliyinə daxil edilib.
Təklif olunan dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.
Nizamnamənin hazırkı variantı isə belədir: “İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və 6 ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, 7-si ictimaiyyətin, 5-i internet portalların nümayəndəsi, ehtiyat üzvlərin isə 2-si jurnalistika, 2-si ictimaiyyətin, 2-si internet portalların nümayəndəsi olmalıdır”.
***
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilir. Tədbiri Azərbaycan Himni ilə Mətbuat Şurası sədri postu ilə vidalaşan Əflatun Amaşov açdı. Ardınca şəhid jurnalistlərimiz -Məhərrəm İbrahimov, Sirac Abışov başda olmaqla Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad edildi.
Daha qeydiyyatdan keçənlərin sayını açıqlayan Ə.Amaşov qurultayın öz işinə başlaması üçün yetərsayın olduğunu söylədi və Azərbaycan jurnalistlərinin ölkə prezidenti İlham Əliyevə müraciətinin olduğunu söylədi. Müraciəti MŞ sədrinin müavini Umud Rəhimoğlu çatdırıb. O, ölkə mediasının inkişafında əsas rol oynayan dövlət başçısına Azərbaycan media nümayəndələri adından öz təşəkkürlərini bildirib. Xüsusilə, II Qarabağ savaşında Ali Baş Komandan kimi dünyanın ən müxtəlif media orqanlarına verdiyi möhtəşəm müsahibələri önə çəkdi. O, Azərbaycan jurnalistləri adından ölkə rəhbərinə gələcək həyatda fəaliyyətində uğurlar arzulayıb.
Bundan sonra qurultayı aparmaq üçün sədarət yaradılıb.
Üç nəfərdən ibarət katiblik də yaradıldı. Mandat komissiyası da üç nəfərdən ibarət oldu. Say komissiyası təkliflərdən 9 ibarət təşkil edildi.
Sədarətdə tədbirin aparıcı kimi Ə.Amaşov və U.Rəhimoğlu və Müşfiq Ələsgərli yer aldı.
Ə.Amaşov 20 ilə yaxın MŞ sədri olan dönəmini hesabatını verdi: “Bu illər ərzində birlikdə fəaliyyət göstərdik. Ümid edirəm ki, VIII qurultay tarixdə həmişə yaddaşlarda qalacaq. Mətbuat Şurası yaradılan gündən bu günə qədər 15 minə yaxın şikayət daxil olub ki, onun 70%-i məhkəmə müstəvisi olub. Təkcə 7-ci qurultaydan 8-ci qurultaya qədər keçən müddətdə 1615 şikayət daxil olub. Mətbuat Şurası mövcud olduğu dönəmdə Vətən Müharibəsində möhtəşəm qələbə qazandıq. Bu bizim fəaliyyətimiz dönəmində ən şanlı qələbə idi. Bizim fəaliyyətimiz dönəmindəki rəqəmlər hər birinizə məlumdur. Ona görə də, çox sadalamağa ehtiyac görmürəm”.
Cavanşir ABBASLI,
Elçin Əkbər