22 Noyabr 2024

Zəfər Qurultayı düşmənlərimizə böyük bir mesaj verdi

2020-ci il Vətən müharibəsi xalqımızın gələcək inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə vahid amal uğrunda birləşən xalqımız “dəmir yumruğ”a çevrilib düşmənin başına endi. Təsadüfi deyil ki, o çətin anlarda yalnız Azərbaycanın daxilində yaşayan vətəndaşlarımız deyil, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız da “Qarabağ Azərbaycandır” şüarını dilində əzbərə çevirmişdi.

  İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı.

Prezident İlham Əliyev aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında qeyd etmişdir ki, “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır.

   Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir. 2 gün davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.

  Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinin maraqlarını qorumalıdır. Bu mənada dünya azərbaycanlılarının sonuncu qurultayı həm də gələcək üçün fəaliyyət proqramıdır. Öz çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlı olmalı olduğunu bir daha qeyd edən Prezident İlham Əliyev bildirdi ki, “Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”. Bəli, xaricdə yaşayan vətəndaşlarımız güclü Azərbaycanın təmsilçisi olmalı, ürəyi isə hər zaman vətən eşqi ilə döyünməldir!

  Zəfər qurultayı həm xarici ,həm də daxili düşmənlərimiz olan bəzi qaragüruhcu qüvvələrə qarşı böyük bir mesaj oldu ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq soydaşlarımız bir yumruq kimi cənab Prezident İlham Əliyevin ətrafındadı.

 Həsən Şirinov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının məkdaşı.