23 Dekabr 2024

“Yaşıl Marafon” kütləvi ağacəkmə kampaniyasına start verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyasına başlanılıb.

Bu barədə “Report”a IDEA İctimai Birliyindən məlumat verilib.

IDEA İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyalar zamanı ölkənin bütün regionlarında yaz və payız əkin mövsümləri müddətində 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.

Layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Əhalini bu ağacəkmə hərəkatında fəal iştiraka cəlb etmək, təbiətə qayğı göstərilməsini təşviq etmək, əkin prosesinə qoşulmalarını dəstəkləmək məqsədilə layihə təşkilatçıları tərəfindən Marafon müddətində bütün könüllü təşəbbüskarlara ağac tinglərinin hədiyyə edilməsi planlaşdırılıb. Aksiyalar zamanı hər bir regionun torpaq-iqlim şəraitinə uyğun ərik, iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd və şabalıd cinsindən olan ağaclar əkilir.

IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi Marafon yaz mövsümünün sonunadək və növbəti payız əkini mövsümü müddətində bütün ölkə ərazisində davam etdiriləcək. Kütləvi ağac əkini, eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin cari ilin noyabr ayında Qlazqoda təşkil olunacaq 26-cı zirvə görüşünün əsas öhdəliklərindən olan atmosferdə istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı fəaliyyətlərə dəstək xarakteri daşıyır. Bütün dünyada Planetimizin mühafizəsi ilə bağlı mübarizə aparıldığı ərəfədə hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştiraka səsləyir.

Gəlin birləşək və yaşıllaşdıqca daha da gözəlləşən təbiətimizə sahib çıxaq!