06 Fevral 2025

Ulu Öndər Heydər Əliyev gənclərin dostu və himayədarı

Ulu öndərin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət açarkən, Onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Ümummilli liderimizin gəncliyə diqqət və qayğısı barədə detallara keçməmiş onu vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.

Ümummilli lider Heydər Əliyev hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə, yəni, ötən əsrin 70-80-ci illərində də Azərbaycanda gənclərin inkişafına, öz potensialını həyata keçirməsi üçün gənclərə şərait yaradılmasına daim diqqət yetirirdi. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər edirdi. Məsələn, həmin vaxt Heydər Əliyevin təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bir neçə yeni ali məktəb, bir çox orta ixtisas məktəbləri açılmış, minlərlə azərbaycanlı gənc oğlan və qızlarımız ən müasir ixtisaslar üzrə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdi. Milli zabit kadrların hazırlanması üçün xüsusi hazırlıq məktəbi açılmış, ali hərbi məktəblərdə gənc soydaşlarımızın təhsil alması üçün əlverişli şərait yaradılmışdı. Əməkdə və ictimai işdə fərqlənən gənclər irəli çəkilmişdi. Təsadüfi deyil ki, bugünkü Azərbaycanın elmi potensialının böyük bir hissəsi, məhz, Ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində formalaşıb və həmin insanların çiyinləri üzərində qərar tutmaqdadır.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra da gənclərə olan qayğısını davam etdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan parlamentinin sədri seçiləndən sonra ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ümummilli liderimizin həmin görüşdəki çıxışı həm ölkə daxilindəki, həm də xaricdəki qüvvələrə təsirli bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.

Ulu öndərin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının (YAP) ətrafında sıx birləşdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Əslində, Heydər Əliyevin bu addımı Azərbaycanda gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsinə təminat verirdi.

Onu da qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm gənclərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.

Beləliklə, həm yuxarıda sadalanan addımların atılması, həm də gənclərlə bağlı çoxsaylı layihələrin həyata keçirilməsi, müxtəlif fərman və sərəncamların imzalanması, qanunların qəbul edilməsi, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, Gənclər Gününün təsis edilməsi və Cənab İlham Əliyevin YAP-ın II qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı. Gənclər dövlətin qayğısını hiss etməklə yanaşı, quruculuq prosesində daha yaxından iştirak etməyə çalışdılar. Ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında və dövlətin idarə edilməsində mühüm rol oynadılar. Ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, “vətənçilik” ideyalarına əsaslanan Azərbaycan gəncləri gündən-günə daha mütəşəkkil şəkildə təşkilatlandılar.

Yəni, bu bir həqiqətdir ki, Azərbaycan gənclərinin hamisi olan Ümummilli liderin siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclərlə bağlı idi. Bu siyasət gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir.

Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq

Son olaraq qeyd edək ki, Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində yaradılmış özül və Onun tərəfindən əsası qoyulan siyasi kurs bugünkü dinamik sosial-iqtisadi yüksəlişin, inkişafın təməl daşını təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir. Ona görə də, gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır.

 Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini, Onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu da nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, hələ 2003-cü ildə keçirilmiş prezident seçkisi ərəfəsində Ümummilli liderimiz Heydər Əliyev xalqa müraciətində, məhz Azərbaycanın Prezident İlham Əliyevə etibar olunmasını məsləhət bildi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çoxlu işlər görəcəkdir… inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”.

Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Məhz Onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib.

Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Həsən Şirinov, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı