25 Dekabr 2024

Strateji önəm kəsb edən Aİ-Azərbaycan münasibətləri

Müstəqillik əldə etdikdən sonra əksər beynəlxalq təşkilatlar və qurumlarla sıx əməkdaşlıq edən Azərbaycan bu istiqamətdə ciddi uğurlara imza atıb.  Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir və balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin müasir dünya düzəninin iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir.

Azərbaycanın sıx əməkdaşlıq etdiyi təşkilatlar sırasında Avropa İttifaqı xüsusilə seçilir. Əməkdaşlıq iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirilib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Aİ üçün cəlbedici edən faktorlardır.

İkitərəfli əməkdaşlın pik həddə olduğunu bu günlərdə bir daha sübut olunub. Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda “Azərbaycanda Biznes Mühiti-2021” hesabatı təqdim edilib. Hesabat Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığındakı nailiyyətləri daha yaxşı başa düşməyə və biznes mühitini daha da inkişaf etdirməyə yönəlib. Hesabat qarşılıqlı əməkdaşlığın genişlənməsinin və Azərbaycan-Avropa İttifaqı işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir. Ötən ildə də Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşı olaraq qalıb. Tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. Bu şirkətlərin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə artıq investisiya layihələrində iştirak edirlər.

Yeri gəlmişkən, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Ötən il iyulun 18-də Prezident İlham Əliyevin Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, Aİ ölkəmiz üçün yaxın tərəfdaşdır. Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.

Düzdür, son dövrlərdə bu məqsədlə müxtəlif təşəbbüslər ortaya atılıb. Lakin onların hamısı siyasi və iqtisadi iradənin olmaması səbəbindən kağız üzərində qalıb. Artıq tam gücü ilə işə düşən Cənub Qaz Dəhlizi isə məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturudur.

Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Anadolu Qaz Boru Kəməri istismara verildiyi tarixdən bu ilin aprelin 1-dək 26,13 milyard kubmetr təbii qaz nəql edilib. Cari ilin birinci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub. Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb. Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir.

2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına təsir edir. Vergi daxilolmalarında artım 250 milyon dollara bərabərdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi qarşıdakı illərdə iqtisadiyyatın, turizmin və digər bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Bu torpaqların iqtisadi potensialı və təbii ehtiyatları kifayət qədər əlverişlidir. Sözsüz ki, azad edilən ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin mühüm bir hissəsi olacaq. 

AZƏRTAC