06 Fevral 2025

Şəhid Səid Həsən oğlu Ədilovun gənclik arzularından biri də torpaqlarımızı işğaldan azad etmək olub Foto Video

Şəhidlər başımızın tacıdır. Onlar Vətən yolunda həyatlarını qurban verdilər, canlarından keçməklə milli qürururmuzu,qeyrətimizi qorudular. Odun alovun içinə atılmaqla müqəddəs oda çevrildilər. Od düşdüyü yeri yandıran kimi düşməni kül etdilər. Eyni zamanda həmin alovun dağı həm də şəhid analarının, atalarının, bacılarının , qardaşlarının sinəsinə çəkilmiş oldu.

O günləri xatırlamaq həm ağrılıdı, həm də fəxr olunasıdır. Gün göstərdi ki, xalqımız vətən amalına sadiqdir. Lazım olanda birdir. Lap beş barmaq birləşəndə yumruq olan kimidir. Ölkəmizin hər yerindən döyüşə can atan vətənpərvər oğullarımızın təpərin, hünərin görəndə qəlblərin riqqətə gəlməsini hisslərimizlə yaşamalı olurduq.Kövrələn qəlbimizin bir gözündən yaş, birində qan ağlayırdı.Qalxan qürurlu xalqımın sıralarında bərdəlilər də varıydı.

 Bərdənin Cəyirli kəndindən iki gənc də yağı düşmənlə müqəddəs vətən savaşına yollanmışdı. Təəssüflər olsun ki, Cəyirli kəndi döyüşə göndərdikləri oğullarından ikisin, Şahmurazla , Səidi sağ salmat qarşılaya bilmədilər. Onlar şəhid olub qayıtdılar. Şəhidlərin dəfnini  xalqımızın qədrbilənləri izdihama çevirməklə ehtiramlarını göstərirdilər. Şəhərin şəhidlər xiyabanı ilə od düşən ocaqların arasında bir neçə km –lik məsafə olsa da o gün şəhid qəhrəmanlar  son mənzilə çiyinlərdə aparılmışdı.

İndi Cəyirlidə şəhidlərin xatirəsi həmişəki kimi böyük ehtiram göstərilir. Cəyirli kəndində şəhidlərə ehsan bulaqları inşa olunub, şəhidlər xiyabanı salınıb. Şəhidlər xiyabanında 4 şəhidin şəkli qara mərmər lövhəyə həkk olunub. Ziyarətə gəlib-gedənləri Şahmurazın, Səidin, Orxanın,Səmədin nurlu baxışları qarşılayır. Dörd şəhiddən ikisi 44 günlük vətən müharibəsində , digər ikisi isə I Qarabağ müharibəsində şəhid olub.

Şəhidlərimizi ziyarətə gedərkən bizi şəhid Səidin atası Həsən qarşılayır.Qız nəvəsi 6-7 yaşlarında olar ki, Fərid də yanındadır. Məğrur duruşu, danışığındakı ötkəmlik, sərtlik doğrusu sıxıntılarımızı ötürmüş olur.

Balaca nəvəni hərbi mundir geydirməsinə şahidlik etmək doğrudanda bizi sevindirir.Səidin ardınca , deməli , yenidən bu ocaqda yurdu sevən oğul böyüdülür. Yurdu sevən oğulları olan vətən isə basılmaz, daim var olacaqdır.

Balaca Fəridin şerin dinləyirik.Deyir ki, dayım Səidin  adını  çox uşaqlara qoyacaqlar.Həmişə yaşadacaqlar. Son misrasında isə yumruğun qaldırıb, xüsusi əda,ötkəmliklə söyləyir ki, Qarabağ Azərbaycandır!!!

Səidin ,Şahmurazın, Səmədin, Orxanın ruhu şaddır.Fərid kimi yeni nəsil gəlir. Onların yolunun davamçıları var. Qədrbilən xalqımızın qəlbində daim yaşayacaqlar.

İndi bu xiyabana cəyirlilər tez-tez gəlirlər.Media1.az-a danışan kənd sakinləri şəhidlər haqqında ürək sözlərini söyləyiblər. Cəyirlilər şəhid həmkəndliləri haqqında danışarkən onları minnətdarlıq hissilə xatırlayıblar. Bildiriblər ki, şəhid valideyinlərinə xüsusi diqqət göstərilməlidir. Onlar seçilməlidir.Ən əziz yerdə, məclislərin başında  əyləşdirilməlidirlər.  

Cəyirli kəndinin ortalığında da şəhidlər bulağı inşa olunub. Məlum olur ki, bu xeyirxah əməli görən I Qarabağ müharibəsinin qazisi Mehman Cəfərovdur. Şəxsi vəsaiti ilə şəhidlərə ehsan bulağı tikib. Yaxınlıqdakı artezianı yenidən işlədərək bulağa su çəkib. Bərpadan sonra xeyli kənd sakini sudan istifadə etməyə başlayıb.

Şəhid Səidin evində olarkən yaradılan guşə bizə daha çox məlumat əldə etmək imkanı verir. Səidin ömür yolunu canlandıran şəkillər, təhsildə uğurlarından xəbər verən tərifnamələr şəhid haqqında təəssüratlarımızı genişləndirir. Səidin ayaqqabıları, hərbi geyimləri də burada saxlanılır.

Və Səidin valideyinləri danışır.

Şəhid Səidin atası Həsən Ədilov övladı haqqında danışarkən bildirir ki, oğlu aprel döyüşləri haqqında televiziya verilişinə baxarkən çox təsirlənibmiş. Bacısı ilə söhbət edərkən mənfur düşməndən şəhidlərimizin qisasını almağı arzulayırmış. Həsən Ədilov oğul itirməyinə baxmayaraq başın uca tutur. Ağlamır, kövrəlmir, başın dik tutur. Hətta gülümsəyə-gülümsəyə danışır. Hesab edir ki, oğlu arzusuna çatıb.Vətən uğrunda canından keçməklə adını  qanı ilə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə yazıb.

Səidin anası Əzizə Ədilova da məğrur, mətindir. Səidin uşaqlığından başlamış sentyabrın 21-nə qədər övladının həyat yolunu anladır. Bildirir ki, Səid ən çox olan sirrini, deyilə biləcək sözünü həmişə onunla bölüşürmüş. Sonuncu dəfə evdən çıxanda da sevinirmiş. Evdəkilərdən Böyük ruh yüksəkliyi ilə ayrılıb. Əzizə ana indi oğlu ilə fəxr edir. İşğalda olan torpaqlarımızın azad olunmasında iştirak edib, şəhid olmuş oğluna görə qürur duyur. Deyir ki, Ali Baş Komandanımızın əmrlərini yerinə yetirən əsgərlərimiz alnımızdakı ləkəni təmizlədilər.

Şəhid anasının bu qədər məğrur olmağı, ötkəm danışmağı bizi sevindirməyə bilməz.Xalqımız nə qədər ki, belə böyük ürəyə sahib olacaq, deməli, hələ bir çox qələbələrimiz irəlidədir.

Onu da qeyd edək ki, Səid ailənin tək oğlu olub.Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamı ilə Səid Həsən oğlu Ədilov “ Vətən uğrunda” medalına layiq görülüb.     

rpt