Rusiyadan hərbi təhdid mesajı: Savaş başlasa, Ukrayna parçalanacaq, yeni sərhədlər fərqli olacaq
Kreml “düşmənlər siyahısı”na daxil etdiyi Ukraynanın sülh danışıqları təklifinə hərbi müdaxilə xəbərdarlığı ilə cavab verdi; Rusiya, irəli sürdüyü şərtlər nə qədər ağır olsa da, rəsmi Kiyevdən onların qeyd-şərtsiz qəbul olunmasını tələb edir…
MDB məkanında münasibətlər sistemi yeni şərtlər çərçivəsində müəyyənləşdirilməyə başlayıb. Bu məkanda son vaxtlar qüvvələr nisbətinin dəyişməyə başladığı maşahidə edilməkdədir. Və bu prosesin müəyyən mənada, beynəlxalq rəqbətin tərkib hissəsi kimi cərəyan etdiyini də düşünmək olar.
Məsələ ondadır ki, ABŞ və Qərb yenidən MDB məkanına nüfuz etməyə can atır. Xüsusilə də Ağ Evin postsovet məkanında etibarlı istinad bölgələrinə sahib olmaq niyyətləri qətiyyən diqqətdən yayınmır. Hətta bu niyyətlərin daha uzaqgedən hədəfləri özündə birləşdirdiyi də istisna deyil.
Düzdür, ABŞ və Qərbin bu mıəkanda bəzi güvəndiyi tərəfdaşları artıq mövcuddur. Ancaq bu, qətiyyən yetərli hesab olunmur. Ona görə də, postsovet məkanına daha təməlli yerləşmək variantları üzərində düşünülür.
Hələlik bu məkanda üzünü birmənalı şəkildə Qərbə çevirməyə üstünlük verən cəmisi bir neçə dövlət mövcuddur. Baltikyanı ölkələr artıq NATO-nun “təhlükəsizlik çətiri” altında özlərini Rusiyanın hərbi müdaxilə ehtimalından sığortalaya biliblər. Ukrayna və Gürcüstan da eyni “çığır”la irəliləsələr də, hələlik Baltikyanı ölkələr qədər təhlükəsizlikdə deyillər.
Məsələn, Baltikyanı ölkələrin liderləri hazırda ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı sərt təzyiqlərini açıq-aşkar dəstəkləyirlər. Hətta Ağ Ev sahibinin Rusiya prezidenti Vladimir Putin yönəlik təhqiramiz ifadələrinə belə, şərik çıxmağa cəsarət edirlər. Və onların bu cəsarətinin arxasında məhz Baltikyanı regionda yerləşdirilmiş NATO bazalarının təsiri olmamış deyil.
Ancaq Ukrayna və Gürcüstan tamamilə fərqli durumdadırlar. Bu iki ölkənin NATO-ya bağlı “təhlükəsizlik çətiri” mövcud deyil. İndiki halda, Rusiya ilə qarşıdurmada yalnız ABŞ və Qərbin siyasi dəstəyinə ümid bəsləyə bilərlər. Və bu, analoji cəsarət nümunəsi üçün qətiyyən yetərli deyil.
Üstəlik, hazırda hər iki ölkənin ərazisində Rusiya tərəfindən dəstəklənən separatçı bölgələrin mövcudluğu Ukrayna və Gürcüstanın Kreml qarşısında müqavimət potensialını məhdudlaşdırır. Rusiya hər iki ölkəyə separatçı bölgələr üzərindən təzyiqlər göstərməyə çalışır.
Artıq bir müddətdir ki, Ukraynanın separatçıların nəzarətində olan Donbass bölgəsində silahlı toqquşmalar intensivləşməyə başlayıb. Hətta yerli mətbuatın verdiyi məlumata görə, Ukrayna bu əvvəlindən etibarən bölgədəki silahlı qarşıdurma ucbatından 25 əsgər itirib. Və bu səbəbdən də, rəsmi Kiyev son vaxtlar bölgənin ətrafına əlavə hərbi kontingent cəmləşdirmək məcburiyyətində qalıb.
Təbii ki, Rusiya da Ukraynanın bu addımız cavabsız buraxmaq niyyətində olmadığını sezdirməkdədir. Belə ki, son məlumatlara görə, Rusiya Ukraynanın ilhaq olunuş Krım yarımadasına, eləcə də Donbass istiqamətində sərhəd bölgəsinə hərbi texnika və canlı qüvvə daşımağa başlayıb.
Bütün bunlar onu göstərir ki, separatçı Donbass bölgəsində hərbi münaqişənin yenidən bərpa olunma ehtimalı kifayət qədər yüksəkdir. Buna paralel olaraq isə Rusiya və Ukrayna münasibətləri də gərginləşməkdə davam edir. Hətta bəzi müşahidəçilər yaxın günlərdə Donbass münaqişəsinin Rusiya-Ukrayna savaşına çevrilə biləcəyini də qətiyyən istisna etmirlər.
Maraqlıdır ki, rəsmi Kiyev Rusiya ilə silahlı toqquşmalarda maraqlı olmadığını qətiyyən gizlətmir. Ukrayna prezidenti Vladimir Zelenski Donbass ərtafında yaranmış situasiyanı savaş öncəsi vəziyyət kimi xarakterizə edib. Onun fikrincə, Donbass ətrafında artan hərbi gərginliyin müharibəyə çevrilməsinə imkan vermək olmaz. Ona görə də prezident V.Zelenski bu münaqişənin nizamlanması üzrə “Normand dördlüyü”nün – Almaniya, Fransa, Rusiya və Ukraynanın yenidən müzakirələrə başlamasını vacib hesab edir.
Ancaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlaması rəsmi Kiyevin sülh danışıqları ümidlərinə tam uyğun deyil. Çünki rəsmi Kiyevin sülh danışıqları təklifinə münasibət bildirməyə ehtiyac duymayan Kreml təmsilçisi sadəcə, “Gürcüstan, Ukrayna və Baltikyanı ölkələr xaricində, bütün keçmiş Sovet İttifaqı ölkələri bizim dostumuzdur” deməklə kifayətlərnib. Və bu, dolayısı ilə Rusiyanın Gürcüstan, Ukrayna və Baltikyanı ölkələri özünə düşmən hesab etməsi anlamına gəlir.
Belə anlaşılır ki, hələlik Kreml Rusiyanın düşmənləri siyahısına daxil edilmiş heç bir ölkə, o cümlədən də, Ukrayna ilə sülh danışıqlarına qətiyyən həvəsli deyil. Hazırda Kreml sadəcə, öz şərtlərini ön plana çəkməklə kifayətlənir. Və qarşı tərəfin – Ukraynanın həmin şərtləri qeyd-şərtsiz qəbul etməsini istəyir.
Təbii ki, bu, kifayət qədər təhlükəli mövqedir. Hər halda, rəsmi Kiyevin Kremldən gələn şərtlərin hamısını qeyd-şərtsiz qəbul edəcəyə qətiyyən inandırıcı görünmür. Xüsusilə də, Ukraynanın ilhaq olunmuş Krım yarımadasının geri qaytarılması tələblərindən imtina edəcəyinə inanmaq çox çətindir.
Eyni zamanda, Kremlin Donbassda baş verənlərə Ukrayna dövlətinin heç bir halda, müdaxilə etməməsi ilə bağlı tələbləri də rəsmi Kiyev üçün məqbul şərt sayıla bilməz. Çünki beynəlxalq hüquqa görə, Donbass da Krım yarımadası kimi, Ukraynanın ayrılmaz tərkib hissəsi hesab olunur. Və rəsmi Kiyev Donbass separatçılarının müstəqil dövlət planlarına reaksiya verməyəcəyi təqdirdə, Ukrayna parçalana bilər.
Ancaq Kremlə yaxın siyasi dairələrindən verilən açıqlamalardan belə anlaşılır ki, Rusiya Donbass bölgəsini artıq müstəqil ərazi vahidi hesab edir. Hər halda, rəsmi Kiyevin Rusiya siyasi dairələri tərəfindən yeni sərhədlərlə hədələməsi də belə düşünməyə əsas verir: “Ukrayna Donbassa hərbi müdaxilə etsə, yeni sərhədlər Dnepropetrovsk ətrafından çəkiləcək”.
Göründüyü kimi, Rusiya Ukraynanı dolayısı ilə yeni ərazilərin işğal olunma ehtimalı üzərindən təhdid etməyə başlayıb. Bu iki ölkə arasdında hərbi qarşıdurma təhlükəsini ciddiləşdirir. Belə vəziyyətdə ABŞ və Qərbin Ukraynanı Rusiyadan qorumaq üçün hansı addımları atacağı böyük önəm daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu