Paşinyan RAZILAŞDI – Rusiyanı təlaşa salan QƏRAR: Qarabağdan çəkilirlər
Son 10 günün ən çox gözlənilən görüşlərindən biri baş tutdu. Belə ki, aprelin 6-da Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Son bir ayda Rusiya-Ukrayna müharibəsinə fokuslanmış diqqət fonunda iki ölkə arasındakı görüşə marağın bu qədər yüksək olmasını şərtləndirən əsas məsələlərdən biri Rusiya amildir. Çünki Brüssel görüşünü eyni zamanda Rusiya ilə Qərbin Şərqi Avropadakı müharibə fonunda növbəti və həlledici soyuq savaşı da adlandırmaq olar. Təbii ki, bir də bu baş verənlərə mövqe savaşı, dünyanın yeni qütblərə bölünməsi konteksindən yanaşsaq, o zaman dünənki görüşü həm də Qərblə Rusiya arasındakı geosiyasi münaqişə prizmasından təhlil etmək daha doğru olar.
İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin arasındakı son görüşün mühüm nəticələri:
- Azərbaycan və Ermənistan üçün arasında sülh müqaviləsi danışıqları Brüsseldə-yəni Avropa İttifaqının vasitəçiliyi ilə aparılacaq
- ATƏT-in Minsk qrupu artıq yoxdur
- Brüssel Moskva, Paris və Vaşinqtona nəzərən münaqişəyə daha obyektiv və tərəfsiz yanaşır
- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqları başlayır
- Aprelin sonuna kimi Azərbaycan-Ermənistan sərhəd komissiyasının yaradılması qərara alınıb.
- Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə edilib.
Öncə onu qeyd edim ki, görüş 4 saatdan artıq davam etdi. Əslində gözlənilən idi. Sərhəddəki son gərginliklər, İrəvanda Brüssel səfərinə bir gün qalmış etiraz aksiyası, Qarabağ separatçılarının Paşinyanı hədələyərək (“Əliyevin şərtlərini qəbul etsən, biz Rusiyanı seçəcəyik” – red.) Brüsseldə Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketinə uyğun sənəd imzalanacağı təqdirdə, ilk saniyədən etibarən Qarabağda “respublika”nın Rusiyaya birləşməsi istiqamətində siyasi prosesə başlamaq qərarının alınacağı ilə bağlı xəbərdarlıqları bu görüşün gərgin keçməsinə, tərəflərin razılığa gəlməməsinə, fikir mübadiləsindəki ciddi haçalanmalara hesablansa da, bütün bu cəhdlərin işə yaramadığını deyə bilərik. Belə düşünməyə əslində Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə ikinci (Bu formatda ilk üçtərəfli görüş 14 dekabr 2021-ci ildə keçiril – red.) üçtərəfli görüşündən sonra yaydığı bəyanat əsas verir.
Görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edildi ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlamalıdır. İki ölkənin XİN-nə bununla bağlı təlimat verildi.
Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət sülh təklifinin qəbulu və bunun əsasında danışıqların aparılması deməkdir.
Bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olundu. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginliyin aradan qaldırılmasının əhəmiyyəti qeyd edilib. Nəqliyyat kommunikasiya xətləri ilə də bağlı dəmir yolunun və avtomobil yolunun çəkilməsi, eyni zamanda iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunub.
Sənəddə Azərbaycan üçün xüsusilə ən diqqət çəkən məqam ondan ibarətdir ki, “Dağlıq Qarabağ” ifadəsinə və ya keçmişin qalığı olan Minsk Qrupu həmsədrlik institutuna hər hansı bir istinad yoxdur. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Azərbaycanın yaratdığı postkonflikt reallıqlarını, regiondakı yeni geosiyasi reallıqları qəbul edir. Nəzərə alsaq ki, bu birinci Brüssel görüşündə də belə olmuşdu, o zaman demək olar ki, rəsmi Bakı artıq Qərbdə müəyyən nüfuzlu dairələrin Qarabağla bağlı əvvəlki baxış bucağını dəyişməyi bacardı.
Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır ki, bunu 14 dekabr görüşündən izləmişdik.
Qərb bu addımı ilə konflikt tərəflərinin birbaşa təmasını təşkil etməklə məsələnin daha sürətli şəkildə həllinə nail olmaqla yanaşı, eyni zamanda istər Ermənistana, istərsə də Azərbaycana göstərməyə çalışır ki, “baxın, Qarabağ münaqişəsinin 30 il uzanması, onun ardından üçtərəfli bəyanatlardakı öhdəliklərin hələ də icra edilməməsində əsas maneə elə məhz Rusiya idi”.
Bununla da Qərb onsuzda müstəqil, balanslı siyasət yürütməsi ilə bütün dünyanın diqqətini çəkən Azərbaycandan fərqli olaraq Rusiyanın forpostu olan Ermənistanı Kremlin orbitindən çıxararaq Qərbə inteqrasiya məsələsində vaxt udmaq niyyətindədir.
Hər iki Brüssel görüşü göstərir ki, Aİ qərəzsiz mövqe tutması ilə diqqət çəkir və ən önəmlisi isə bu gün hər iki tərəfin bu quruma etimadı var. Məhz Qərbin də əsl məqsədi budur: Çalışır ki, hər iki tərəfin etimadını qazansın, nəticə etibarı ilə tərəfləri vasitəçi kimi məhz öz tərafında cəmləşdirsin ki, yekunda Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətini bloklamaq istiqamətində böyük addım atmış olsun.
Ermənistan hökumətinin mətbuat xidmətinin dünənki görüşlə bağlı yaydığı məlumatda qeyd edilib ki, Paşinyan və Əliyev Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar, həmçinin aprelin sonunadək sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə razılığa gəliblər.
- Bu isə o deməkdir ki, rəsmi İrəvan tərəddüd etmədən birmənalı şəkildə Azərbaycanın 5 maddəlik sülh təklifinə Qərbin diplomatiya paytaxtında “hə” deyib.
Belə nəticə çıxır ki, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, rəsmi Bakının maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addım oldu.
Bu razılaşmanın necə davam edəcəyi isə böyük mənada Paşinyanın iki aydır yayınmağa çalışdığı Moskva səfərindən asılıdır. 9 aprel Moskvada baş tutacağı deyilən Putin-Paşinyan görüşü zamanı çox güman ki, Rusiya Ermənistandan yeni qarantiyalar və imzalanacaq sənədlər tələb edəcək. Erməni baş nazir anlasa ki, Rusiyanın bu məsələyə müdaxiləsi prosesin növbəti dəfə dalana dirənməsi, yubadılması ilə nəticələnə bilər ki, yekunda yenə itirən tərəf Ermənistan olacaq, o zaman Moskvada ilk və son dəfə qətiyyət göstərə bilər.
- Çünki hadisələr Moskvanın istəyinə uyğun cərəyan edəcəyi təqdirdə Ermənistanın Qərbə inteqrasiya arzusu bilinməyən uzun bir müddətə qədər təxirə salına bilər.
Lakin dünənki Brüssel görüşü və Ermənistan XİN-in səsləndirdiyi bəyanat deməyə əsas verir ki, İrəvan da artıq anlayır ki, hazırki ağır vəziyyətdən çıxmaq, inkişaf etmək, iqtisadiyyatını gücləndirmək üçün yeganə seçim məhz Azərbaycanın təklif etdiyi sülh müqaviləsini qeyd-şərtsiz qəbul etməkdir.