“Ovçuluğa meyl saldı…” – Hacıqabul-Qax savannası, hacıleylək faciəsi, Yezidin kefcil nəvələri
Ovçuluq qədim peşədir, bildiyimiz hər peşədən qədim. İbtidai insanlar həyatda qalmaq üçün hər gün mütləq ov etməli olublar. Yoxsa yaşayış uğrunda mübarizəni uduzardılar.
Ovçuluğun əsasən kişi işi olduğu dönəmlərdə qadınlar da toplayıcı olub, meşədən meyvə, giləmeyvə, çöllərdən yeyiləsi ot-pencər toplayıblar.
Ovçuluq lap sonradan əyləncəyə, hobbiyə çevrilib. Artıq oturaq həyat tərziinə keçərək, əkin-biçinə başlayan, yaxud bir çox heyvanları əhlilləşdirərək köçərilik edən insanlar əllərinin altında daimi qida bazası yaratdıqlarından ovçuluğu yavaş-yavaş azaldıblar.
Ancaq insan oğlunun içindəki ovçuluq ehtirası və instinkti bu günə qədər ölməyib. Tarixi ədəbiyyatdan bildiyimiz kimi, qədim hökmdarlar da, orta əsr padşahları da əyan-əşrəfləri ilə birlikdə ova çıxmağı xoşlayırmışlar.
Əlbəttə ki, minlərlə nökəri, mal-heyvan sürüləri, hər cür naz-neməti olan padşahlar ova qida üçün çıxmırdılar, əyləncə, kef-damaq üçün çıxırdılar.
“Dədə Qorqud” filmində Qazan xanın oğlu Turalla birlikdə ova çıxması təkcə əyləncə üçün deyildi, həm də xanın öz gənc oğlunu amansız həyat mübarizəsinə hazırlamaq məqsədi daşıyırdı.
Şair Səməd Vurğun “ovçuluğa meyl saldım, gecə-gündüz çöldə qaldım” kimi misralar yazanda isə ova nə qida üçün çıxmışdı, nə əyləncə üçün. O, təbiətdən ilham və zövq almaq üçün dağı, aranı, Mili, Muğanı gəzirdi.
Yezid ibn Müaviyə (lənətullah) atasının varisi olaraq taxta çıxdığı gün məhz ovdan qayıtmışdı.
İndinin özündə qida və xəz əldə etmək üçün də ov edənlər var, sırf əyləncə üçün də. Məsələn, Sibirdəki ucsuz-bucaqsız tayqa meşələrində 6 ay boyunca tənha daxmalarda yaşayan ovçular var. Onlar hansısa ovçuluq təsərrüfatının işçiləridir və yarım il ərzində həm özlərini doyurmaq üçün ov edirlər, həm də samur, dələ, porsuq, tülkü və sair xəzli heyvanları ovlayırlar.
Sırf əyləncə üçün Sibirə yollanan, həftələrlə ekstremal şəraitdə, amma lazımi komfortda yaşayan, ən effektiv silahlarla şikar ovlayan “yeni ruslar” da çoxdur.
ABŞ-ın, Avropanın ibtidair vəhşi instinkt daşıyıcıları isə Alyaskanın, Kanadanın, Norveçin dağ-dərələrinə, meşəliklərinə daraşırlar. Ancaq bu ərazilərdə ovçuluğun öz qızıl-qayda-qanunları, məhdudiyyətləri olduğu üçün onların ən sevimli məkanları təbiəti zəngin, əhalisi kasıb olan inkişaf etməkdə olan ölkələrdir.
Belələri üçün Botsvana savannası əsl cənnətdir. Onların tüfənginin səsi Cənubi Amerikadan da gəlir, Asiya cəngəllikıərindən də, ov etməyin mümkün olduğu hər yerdən.
20 il öncə ABŞ-ın ölkəmizdə Stenli Eskudero adlı bir səfiri vardı. O, Azərbaycana sanki Ernest Heminqueyin romanlarından sıyrılıb düşmüşdü. Ayda bir neçə dəfə Quba-Qusar, Şəki-Zaqatala bölgəsində ova gedən səfir dağ təkələrinin qənimiydi. Adam ölkəmizdən, ona yaradılmış şəraitdən o qədər məmnun idi ki, vaxtı bitəndən sonra ölkəsinə qayıtmadı, burada qalıb biznesi və əyləncəsi ilə məşğul oldu.
3-4 ildir (bəlkə də çox) varlı ərəb ovçular ölkəmizə dadanıblar. Onların sorağı gah Hacıqabul çölündən gəlir, gah Salyan-Biləsuvar tərəfdən, gah da Qaxdan, Acınohurdan.
Axırıncı dəfə varlı ərəblərin Qaxdakı ov sərgüzəştləri dillər əzbəri olub, ictimai ajiotaj doğurub. Onların “Qırmızı kitab”a düşən nadir quş növlərini ovladıqları deyilir. Şəkilləri də var. Ən pisi odur ki, bu quşların əti yeyilmir. Əgər belədirsə, onlar nəyə görə ovlanmalıdır? Yalnız əyləncə üçünmü?
Bax, məhz bu məqam insanlarda hiddət doğurur.
Bəziləri deyir ki, eyni hərəkəti öz vətəndaşlarımız etsəydilər, bu qədər ajiotaj doğurmazdı. Elə deyil. Zaman-zaman nadir heyvanları ovlayan öz vətəndaşlarımız da kütləvi şəkildə qınağa məruz qalıb, son nəticədə dövlət struturları tərəfindən cərimələniblər. Arazın İmişli rayonu ərazisindən keçən hissəsində suya elektrik cərəyanı verib balıqları kütləvi şəkildə qıran təbiət düşmənlərindən yazdığımızı xatırlayıram.
Təbii ki, bu hadisəyə görə ümumilikdə bütün ərəbləri pisləmək, “vəhşi” adlandırmaq düzgün deyil. Bu, faşizmə varan söhbətdir. Ərəblərin heç də hamısı şeyx, varlı, harın deyil. Milyonlarla ərəb gecəni ac yatır. Sadəcə, ölkəmizə gələn vəhşilərin çoxu ərəbdir. İçlərində vəhşi instinkt gəzdirən bu şəxslər buraya heç də muzeyləri gəzməyə, Odlar yurdunun tarixini, mədəniyyətini öyrənməyə gəlmirlər, kefə, əyləncəyə gəlirlər. Gəlib burada xoşagəlməz hərəkətlər edir, özləri, eləcə də mənsub olduqları millət haqqında mənfi təəssürat yaradırlar.
Bizdən də kimsə gedib Rusiyada, ABŞ-da dələduzluq, oğurluq edəndə və bu xroniki hal alanda, dəfələrlə təkrarlananda barəmizdə mənfi rəy yaratmış olurlar. Halbuki biz hamımız hər gün ABŞ-da milyon dollarlıq kredit götürüb dövlətə kələk gəlmirik.
Bu, geniş mövzudur, saatlarla mübahisə etmək olar. Amma lap axırda ortaq məxrəcə gələcəyiksə, yek fikir bu olmalıdır: ölkənin flora və faunasını ciddi şəkildə qorumaq, bu xüsusda qanunların hamsına dəqiqliklə əməl etmək, ölkəni Botsvanaya döndərmək olmaz. Ərəb şeyxi olmur, Cef Bezosun övladı olsun, pulu bir az çoxdur deyə gəlib burada qanunlarımıza güllə ata bilməz.
Ötən əsrin ortalarında yazılmış bir ədəbi əsərdə “İtə ataram, yada satmaram” söhbəti var, bilirsiniz. O kişinin sözü olmasın, milli qürur elə şeydir ki, pula görə onu heç bir əcnəbiyə güzəştə gtmək olmaz.
P.S. Ovladıqları şikarla birlikdə şəkli paylaşılan əcnəbilər isə sur-suyumlarından təbiətdən ilham alan şairlərə oxşamırlar, sifətlərindən harınlıq və qəddarlıq yağır, daha çox Yezidin kefcil züryətlərinə oxşayırlar. Prinsipcə, onlar hacıleyləyə güllə atmamalıydılar…