Ölkəmizin bəyan etdiyi sülh gündəliyi Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanlar yaradacaq
Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqı 30 il ərzində bu günlərin həsrətində idi, Ali Baş Komandanımızın liderliyi və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində xalqımız Zəfər sevincini yaşadı.
Artıq indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var. Çünki Qarabağımızın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi üçün çalışmalıyıq. Məlumdur ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha artırır. Qarabağın bərpası regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq və ən yaxın gələcəkdə yüz minlərlə azərbaycanlı Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib. Nəhayət, Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Ermənistan da bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
Prezident İlham Əliyevin bu gün regionda erməni işğalçılarından Azərbaycan torpaqlarının azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı güc olacaqdır. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar regionun sabitliyi üçün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri