23 Dekabr 2024

Nazir: “Fəaliyyətimizin əsas aspekti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”

“Fəaliyyətimizin əsas aspekti 30 ilə yaxın işğaldan sonra 2020-ci ildə azad edilmiş Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasıdır”.

 Media1.az “Report”a istinadən  xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “EUobserver”ə müsahibəsində deyib.

Bununla bağlı ilk olaraq ərazinin minalardan təmizlənməsinin zəruriliyini vurğulayan nazir eyni zamanda bunun əziyyətli və vaxt aparan iş olduğunu bildirib. M.Babayev xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ay Zəngilanın Bəsitçay və Həkəri çaylarına qızılxallı forel (Salmo trutta fario) buraxıb.

O, həmçinin işğal zamanı kəsilmiş nadir şərq çinarlarının yerinə nazirlik tərəfindən Bəsitçay Dövlət Təbiət Qoruğunda çinarların əkildiyini söyləyib.

Bunların kiçik addımlar olduğunu bildirən nazir qeyd edib ki, bu, heyrətamiz bölgənin biomüxtəlifliyini bərpa etmək əzmini simvolizə edir.

M.Babayev qeyd edib ki, Azərbaycan Qarabağın yenidən qurulması zamanı iqlim dəyişikliyini yumşaltmaq fürsətini dəyərləndirəcək: “Biz “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər” çərçivəsində yaşayış məntəqələrimizi ağıllı şəhər və kəndlərə çevirir və yaşıl enerji zonası yaradırıq. Elektrik enerjisi günəş, külək və kiçik su elektrik stansiyaları tərəfindən istehsal olunacaq. Məqsədimiz 2050-ci ilədək azad edilmiş ərazilərdə xalis sıfır emissiya zonası yaratmaqdır”.

ee9e33e6-9d3c-383a-ae9d-c1b614ff75d8.jpg (73 KB)
O bildirib ki, Azərbaycanda su çatışmazlığı və onun çirklənməsi də narahatedicidir: “Azərbaycanın şirin su ehtiyatlarının, demək olar, 70 faizi ölkədən kənarda istehsal olunur, ona görə də biz transsərhəd suların idarə edilməsi və çirklənməsi ilə bağlı artan problemlərlə üzləşirik. Misal olaraq deyim ki, Oxçuçay Ermənistanda beynəlxalq şirkətlər tərəfindən idarə olunan mis və molibden mədənlərinin ağır metalları və zərərli maddələri ilə çirklənib. Bu çay işğaldan azad edilmiş Zəngilandan keçərək Cənubi Qafqazın ikinci böyük çayı olan Araza tökülür və onun keyfiyyətinə birbaşa təsir göstərir. Mən beynəlxalq ictimaiyyəti bu çirklənmənin qarşısını almağa kömək etməyə çağırdım, lakin hələlik heç bir nəticəsi yoxdur. Köçkünlərimiz nəhayət öz evlərinə qayıdanda onların təhlükəsiz mühitdə yaşamaları mütləqdir”.

Muxtar Babayev qeyd edib ki, Azərbaycan iqlimlə bağlı hadisələri və riskləri aşkar etmək üçün regional erkən xəbərdarlıq sistemi yaratmaq niyyətindədir: “Qonşularımızla daha yaxşı məlumat mübadiləsi və koordinasiyalı fəaliyyət iqlim dəyişikliyinin bəzi fəsadlarına qarşı dayanıqlığımızı artıracaq. Heç bir ölkə bu çağırışların öhdəsindən təkbaşına gələ bilməz. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının iştirakçısı kimi Paris Sazişini ratifikasiya edib və 2030-cu ilə qədər istixana qazları emissiyalarını 35 faiz azaltmaq kimi ambisiyalı məqsəd qoyub. O vaxtdan biz 2050-ci ilə qədər emissiyaları 40 faiz azaltmaq üçün yeni öhdəlik götürdük. Biz həmçinin bütün ölkə üzrə davamlı inkişaf üzərində işləyirik. Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala Dövlət Təbiət Qoruğu regionda ilk biosfer qoruğu olacaq. Biomüxtəlifliyin qorunması ilə onun davamlı istifadəsini özündə birləşdirəcək bu qoruqlar YUNESKO-nun təşəbbüsüdür”.