24 Dekabr 2024

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətindən beş il ötür

Bu gün Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür.

Ölkəmizdə 2016-cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər mühüm islahatlarının yeni, uğurlu mərhələsini nümayiş etdirdi. Zamanın tələbinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu dönəmin başlanğıcına çevrildi.

Bundan əvvəl – 2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.

Parlamentin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşən, daim onların qayğıları ilə maraqlanan, sosial problemlərinin həlli istiqamətində tədbirlər görən Mehriban Əliyeva seçicilərin dərin hörmət və rəğbətini qazanmaqla Milli Məclisdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Onun eyni zamanda Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində uğurla həyata keçirdiyi layihələr ölkəmizin inkişafına mühüm töhfə verib.

Mehriban Əliyeva hələ ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə irimiqyaslı, davamlı, uğurlu layihələrlə ölkəmizin milli mədəniyyətini dünyada layiqincə təbliğ edib. Eyni zamanda 2004-cü ilin mayından fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidenti kimi həm dövlətimiz və həm də dünya mədəniyyəti və incəsənəti üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr həyata keçirib. Həmin proqram və layihələrdən respublikamızla yanaşı, dost ölkələrin, milyonlarla insanın faydalanması xeyirxahlıq missiyasının miqyasını təcəssüm etdirir.

2017-ci ildən keçən 5 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. İlk gündən mühüm sosial məsələləri nəzarətə götürən Mehriban Əliyeva 2016-cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi idi.

Millət vəkili kimi təmsil etdiyi ərazilərin sosial məsələlərin həlli istiqamətində gördüyü işlərlə seçicilərinin dərin sevgisini qazanan Mehriban Əliyevanın parlamentin müzakirəsinə təqdim etdiyi zəruri qanun layihələri Azərbaycan qanunvericiliyinin təkmilləşməsində özünəməxsus yer tutur. Daim ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan Mehriban Əliyeva bu illər ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin çoxşaxəliliyini göstərir.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycanın Brinci vitse-prezidentinin döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi bir daha xalqımızın dərin rəğbəti ilə qaşılandı. Məhz Mehriban Əliyevanın şəxsi diqqət və qayğısı ilə qəhrəman hərbçilərimiz hərtərəfli diqqət və qayğı ilə təmin olundular.

Bu illər ərzində Birinci vitse-prezidentin təşəbbüsləri ilə müharibə əlillərinin sosial məsələlərinin qısa zamanda həlli, məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə təşkili, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, koronavirusla əlaqədar əhalinin aztəminatlı hissəsinə davamlı şəkildə dəstək göstərilməsi Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətinin bariz göstəricisidir.

Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin, Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin, habelə Zirə Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi Mehriban Əliyevanın Azərbaycanın mədəni dəyərlərinin qorunması və təbliğatı sahəsində layihələrinin tərkib hissəsi olaraq muğamın inkişafına və məşhurlaşmasına, təbliğatına xidmət göstərir.

Azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrin əsaslı təmiri, bərpası və inşası, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidinin, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi habelə digər dini abidələrin, mədəniyyət ocaqlarının təmiri Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı qarşısındakı misilsiz xidmətlərinin cizgiləridir.

Heydər Əliyev ideyalarına sədaqət, onun dövlətçilik konsepsiyasına xas olan ideyalara bağlılıq Mehriban Əliyevanın Birinci vitse-prezident kimi dövlətimizə və xalqımıza layiqincə xidmət etdiyini, ölkəmizin daha da çiçəklənməsinə əvəzolunmaz verdiyini göstərir. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiya məsələləri onun Birinci vitse-prezident kimi vətəndaşların, cəmiyyətin bütün sosial təbəqələrinin qayğılarını daim nəzarət altında saxlamasını əks etdirən çoxşaxəli fəaliyyətinin təcəssümüdür.

Mehriban Əliyeva bu gün də sosial qayğıya, köməyə ehtiyacı olanların yanındadır. Təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu şəfqət, mərhəmət ünvanı kimi ad çıxarıb. Məhz Heydər Əliyev Fondunun xətti ilə xəstəxanaların inşası və yenidən qurulması, bir sıra xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə qayğı, dəstək göstərilməsi Azərbaycanın sosial siyasətinə mühüm töhfələrdəndir.

Bir sözlə, Azərbaycanın Birinci vitse-prezidentinin ötən 5 ildə göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır. Onun fəaliyyətinin ana xətti Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib.

2017-ci ildən ötən 5 ilin yekunları Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcəyini göstərir. Başqa sözlə desək, Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyəti dövlət başçısının həyata keçirdiyi siyasi xətti uğurla tamamlayaraq Azərbaycan dövlətinin, xalqının bundan sonra da yüksəlişinə xidmət edir.