23 Dekabr 2024

“Kazarmada yanğın” müəmması böyüyür – Erməni zabit hadisədən əvvəl ərizə yazıbmış

Ermənistanda 15 əsgərin ölümü ilə nəticələnən “kazarma faciəsi” ilə bağlı müəmmalar davam edir. AzVision.az xəbər verir ki, “Joğovurd” nəşri yeni diqqət çəkən detallar aşkarlayıb.

Qəzet yazıb: “Yanvarın 19-da Azad kəndində baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin cinayət işində diqqətçəkən hallar üzə çıxır. Əldə etdiyimiz məlumata görə, faciəli hadisədən 2 həftə əvvəl zabit E. H işdən çıxmaq və ya necə deyərlər, sadəcə ordudan uzaqlaşmaq istəməsi barədə raport yazıb. Sual yaranır ki, nə üçün zabit hərbi polis hərbi hissədə yoxlamalar apardıqdan sonra bu addımı atıb? Ümumiyyətlə orada nələr baş verib? Ümid edirik ki, dindirmələr zamanı, zabitin dilindən bu suallara cavab ala biləcəyik”.

Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçisi həlak olub, daha üçünün vəziyyəti isə ağır olub. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb. Həmçinin, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb. Bundan başqa, yanğın zamanı xəsarət alan kapitan E.X.-nin barəsində cinayət işi başlanılıb. Ölən əsgərlərin yaxınları isə hökumətin səsləndirdiyi təsadüfi yanğın versiyasına inanmırlar.