23 Dekabr 2024

İki TV-nin Qarabağ müxbiri – Ermənilər onu hərbçimizlə səhv saldılar: “Məni soruşub hədələyirmişlər” – MÜSAHİBƏ

Şamxal Adığözəlov: “Bir gündə anamın üstünə iki cənazə gedə bilərdi”


Operator Loğman İsmayılov
“Elə kadrlar var ki, onlar kameranın yaddaşında yox, gözlərimin yaddaşındadır”


Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar.  Ordunun bu qəhrəmanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu. Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlar, savaş jurnalistləri ilə bağlı layihəmiz davam edir.

Modern.az-da növbəti həmsöhbətimiz Xəzər TV və Baku TV-nin Qarabağ üzrə bölgə müxbiri, 44 gün boyunca ən qaynar nöqtələrdən reportajlar hazırlayan Şamxal Adığözəlov və operatoru Loğman İsmayılovdur.  

– Şamxal, sən Qarabağın cənnət məkanlarından biri Xankəndidə doğulmusan. Ailəniz Xankəndini nə vaxt tərk edib? 


– Ailəm Xankəndini tərk edəndə mən iki yaşında olmuşam. Ona görə də doğulduğum şəhəri xatırlamıram. Amma ailəm oradakı erməni vəhşiliklərindən çox danışıb. Anamın dediyinə görə, 1988-ci il sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan azərbaycanlıların evlərinə hücum ediblər. Şəhərdə azərbaycanlılara məxsus 63 ev yandırılıb, 270-dən artıq ev qarət olunub. Bu evlərdən biri də bizim ev idi.

Bu hadisədən sonra ailəm Xankəndini tərk edərək məcburi köçkün kimi Ağdam şəhərində məskunlaşmalı olub.  Ağdama gələrək rayonun Seyidli kəndində özümüzə ev tikmişik. Ağdam rayonu 1993- cü ildə işğal edildikdə isə biz növbəti dəfə köçkün həyatı yaşamaqla  Bərdə rayonunda müvəqqəti məskunlaşmalı olduq. Ancaq nə qədər çətin günlərimiz olsa da heç vaxtı Xankəndiyə qayıdacağmıza ümidimizi itirmədik.  


– Uzun illər Qarabağ bölgəsində çalışdığından hər halda bölgədə baş verəcəkləri də az-çox proqnozlaşdıra bilirsiniz. Müharibənin başlayacağı sənin üçün gözlənilən idimi? Bir jurnalist kimi aktiv hərbi əməliyyatlarına  hazır idinizmi? 


– Tovuz hadisələrindən sonra cəbhədə Ermənistan ordusunun hərəkətliliyi hiss olunurdu.  Qarabağ cəbhəsində ermənilərin yaradığı gərginlik 27 Sentyabr tarixində səhər saatlarında daha geniş vüsət aldı. Operator Loğman İsmayılovla Tərtər rayonunun təmas xəttində yerləşən Qapanlı kəndinə getdik. Burada geniş  hərbi əməliyyatların getdiyini, Azərbaycan ordusunun əks-hücum tədbirləri həyata keçirdiyini gördük. Yaranmış vəziyyətlə bağlı çalışdığım Xəzər TV və Baku TV-nin rəhbərliyini məlumatlandırdım. Tərtər istiqamətində çox ağır döyüşlər gedirdi. Hər tərəfə mərmi düşürdü. Təsəvvür edin ki, bir gündə Tərtər şəhəri ilə birlikdə bütün yaşayış məntəqələrinə 2000 –  2500 artilleriya mərmisi düşürdü. Mərmilərin havada uçuşduğu belə bir yerdə olmaq, reportaj hazırlamaq çox təhlükəli idi. Həmin vaxt Ağdam istiqamətində vəziyyətin gərgin olduğunu bilib yolumuzu ora saldıq. Rayonun Çıraqlı kəndində olub mülki əhalinin nəcə atəşə tutulmasıni çəkdik, burada müharibə olmasına baxmayaraq bir nəfərin belə kəndi tərk etmədiyini gördük. Səbəb Azərbaycan ordusuna inam və güvən idi. 



– 30 il əvvəllə  müqayisədə şübhəsiz ki, indi operativliyi təmin etmək, xəbərləri qısa zaman kəsiyində çatdırmaq imkanları daha genişdir.  Amma hər halda müharibədir, bu vəziyyətdə işləmənin də özünə məxsus çətinlikləri var. Ən çox nədə çətinlik çəkirdiniz? 


– Müharibə başlayan gün  səhər saatlarında Ağdam və Tərtər rayonlarında internetdə ciddi problem oldu. Çəkdiyimiz reportajları İnternet üzərindən baş ofisə çatdırmaq üçün Bərdə rayonuna gələrək  buradan göndərməli olurduq.  Ancaq sonradan  bizim nömrələrin İnternet problemi həll edildi.Hadisə yerindən birbaşa efirə bağlanmaq üçün Bakıdan xüsusi avadanlıqlar göndərildi. Bununla da informasiyanın operativ ötürülməsində qarşılaşdığımız çətinlik aradan qalxmış oldu. Artıq istənilən informasiyanı vaxtında tamaşaçılara çatıra bilirdik. 


– Müharibə bizim torpağımızda gedirdi və biz jurnalist kimi çalışsaq da  erməni vəhşiliyinin əsərlərini görəndə jurnalistliyimizi unudur, soyuqqanlı ola bilmirdik.  44 günlük fəaliyyətiz zamanı sizin üçün yaddaqalan məqamlar nə oldu? İstər yaxşı, istərsə də acı… 


– Bir neçə dəfə yaxınlığımıza düşən minaatan, top və qrad mərmisi bir neçə mülki şəxsin həyatına son qoyub. Həmin vaxt sağ qalmağımız belə taleyin qismətidir yəqin ki… Ən təhlükəli çəkilişlərimiz Tərtərin Qapanlı kəndi və Şixarx qəsəbəsində olub. Həmin anları sözlə ifadə etmək çətindir. Ölümün bir addımlığından döndük, lap yaxınımıza mərmi düşdü. Hadisədən elə şok keçirdim ki, bir anlıq öldüyümüzü zəng etdim. Mənim balaca qardaşım Samo Adıgözəlov da Space TV-nin Qarabağ bürosunda çalışır.  Həmin gün qardaşım da yanımdayıdı.Hadisədən sonra ağlıma gələn ilk fikir belə oldu: bir gündə anamın üstünə iki cənazə gedə bilərdi. Bu dərdə anam dözməzdi. Həmin gündən sonra qardaşımla birlikdə eyni istiqamətdə çəkilişə getməyi qadağan elədim. Düzdür, biz ölümdən qorxmurduq,  hər gün bu təhlükəni göz önünə alıb odun- alovun içinə gedirdik. 


– Müharibə zamanı siz həm də erməni mediasının gündəmində oldunuz. 
Sizinlə bağlı Ermənistanın Müdafiə Nazirliyi xüsusi bəyanat verdi, telekanallar reportajlar hazırladı, sosial şəbəkələrdə ermənilər sizdən danışırdı. Buna səbəb nə oldu ? 


– Əgər xatırlayırsınızsa Cəbrayıl isgaldan azad edilən zaman Azərbaycan hərbçisi mülki erməni qadınına yaxınlaşmışdı, qadın da “evinizə xoş gəlmisiniz” demişdi. Həmin vaxt həmin qadınla dialoqda olan Azərbaycan hərbçisini Ermənistan mediası mənə bənzətmişdi və “Azərbaycan jurnalisti həm də əlinə silah alıb döyüşür” şəklində xəbərlər tirajladılar.  Hətta bu ölkənin Müdafiə Nazirliyi bununla bağlı bəyanat yaydı. Doğrusu, Azərbaycan ordusunun həmin hərbçisi ilə oxşarlığımız vardı. O vaxt həmin qəhrəman hərbçimizdən reportaj hazırlamaq istəsəm də zabitimiz Füzuli istiqamətində ağır döyüşlərdə iştirak etdiyindən görüşə bilmədik. Həmin dövrdə ermənilər mənimlə bağlı çox sayda xoşagəlməz videoroliklər, fotolar, karikaturalar hazırlayıb sosial şəbəkələrdə yayırdırlar. Facebook üzərindən mənə çoxlu hücumlar olurdu. Müharibə bitəndən sonra Baku TV- dən mənə bildirdilər ki, hər gün yüzlərlə erməni ofisə zəng edərək məni soruşub hədələyirmiş. 


– Bu  müharibədə həm də  erməni terrorunun dəhşətli üzünü gördünüz.  Bu dəhşətlərdə ən çox  üzüldüyünüz an hansı oldu?
 


– Mənim üçün ən ağır günlər Gəncə və  Bərdədə yaşandı. Xüsusilə, azyaşlı  uşaqların, körpələrin ölümü məni çox sarsıtdı. Həmin günləri bir insan,  bir reportyor olaraq yaşamaq çox çətindi. Doğrudan da sözün bitdiyi yerdə  nəsə danışmaq, hansısa bir reportaj hazırlamaq çox çətin idi. Erməni hərbçiləri Bərdəyə ikinci dəfə “Smerç” raketi atan zaman yerdə qalan onlarla cansız bədəninin içində canlı yayım etmək dəhşətli idi. Mən içimdə ağlaya- ağlaya, ürəyim parçalana- parçalana ilk dəfə idi belə reportajlar hazırlayırdım. Biz həmin vaxt Xocalı faciəsini bir daha yaşadıq. Həmin günlər mənə Xocalı soyqırımını xatırlatdı. 1992- çi ildə Xocalı faciəsi yaşananda biz Ağdamda yaşayırdıq. 6 yaşım vardı. Anamla birlikdə Ağdam məscidinə getmişdik. Anam ora sabun və ağ parça aparmışdı. Xocalı şəhidlərini  Ağdam məscidinə gətirib orada yuyub kəfənə bükürdülər. Ermənilərin soydaşlarımızı necə qətlə yetirdiyini,  hansı işgəncələrə məruz qoyduğunu uşaq ikən öz gözlərimlə görmüşdüm. Bu hadisələrin təkrarını  növbəti dəfə Bərdədə, Gəncədə gördüm. 5 yaşlı Aysunun erməni raketi ilə qətlə yetirilməsinin şahidi olmaq xüsusilə  dəhşətli idi. 


Loğman İsmayılov – operator
 


– Müharibə operatoru olmaq ümumiyyətlə çətindir. Sən elə bir mövqedə olmalısan ki, həm sağ qalasan, həm də bütün baş verən hadisələri çəkib göstərə biləsən. Amma bir operator kimi bu mənə çətinlik yaratmırdı. Çünki bu sahədə kifayət qədər təcrübəli idim. Amma hansısa ünvana gedib orada insan ölümü, yaralı çəkmək o qədər ağır idi ki, bəzən kamera tutan əlimin ya əsdiyini, ya da keyidiyini hiss edirdim. Məsələn, götürək elə Bərdə hadisəsini. Elə bilirdim ki, ürəyim gördüyüm o kadrlara dözməyəcək. Elə kadrlar var ki, o kameranın yaddaşında yox, gözlərimin yaddaşındadır. Günahsız insanların başının bədəndən ayrıldığını, parçalanmış bədənləri görəndə sanki acizləşirsən, o müddətdə hisslərinin əsiri olursan. Bəli, mənim də hisslərimin əsiri olduğum məqamlar olurdu və  həmin vaxt o kadrları çəkmək çox çətin idi. 


– Şamxal, hələlik sülhməramlıların nəzarətində olan Xankəndimizə gedə bilmirik. Ana yurdunla bağlı arzuların necədir?
 


– Hər gün rayon, qəsəbə və  kəndlərimizin düşmən tapdağından azad edilmə xəbərini Azərbaycan tamaşaçısına çatdırırıq. Bir xankəndili olaraq ən çox doğulduğum şəhərin  azad olunma xəbərini gözləyirdim. İnanıram ki, ən qısa zamanda  Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq.  Xankəndiyə getmək ən böyük arzumdur. Ailəmlə, övladlarımla birgə orada yaşayıb, işləmək istəyirəm. Ata yurduma qayıdacağım gün uzaqda deyil. Xankəndidə olan evimizin sənədlərini bir neçə aydır ki, maşında saxlayıram. Tez- tez google map üzərindən evimizə baxıram. Anamın dediyinə görə, evimizdə dəyişən yeganə şey darvazanın rəngi və su çənidir. Dəmir çəni ermənilər plastik çənlə əvəzləyiblər. Tez- tez YouTube üzərindən Xankəndiyə baxıram, yurdumla bağlı çoxlu arzularım var. Əvvəlcədən danışmaq mənə düşmür, ancaq onu deyə bilərəm ki, mən bu gözəl şəhərdə peşə fəaliyyətimlə yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğul olmağı planlaşdırıram. 



Azadə Balayeva