II Vətən müharibəsində Azərbaycan gənclərinin rolu!-Zövqiyyə Əsədova yazır
“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. “On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. Bu sözlər Şanlı Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidenti, Cənab Ali Baş Komandan bu sözləri ilə 44 günlük Vətən müharibəsində əldə edilən zəfərimizdə gənc nəslin rolunu yüksək qiymətləndirdi. Axı, 30 il düşmən tapdağında qalan torpaqlarımız yeni nəslin nümayəndəsi olan belə gənclərin sayəsində azdlığında qovuşdu. Hələ müharibə zamanında hər bir vətənpərvər gənc döyüşlərdə iştirak etməyə, düşmənin başını əzmək üçün irəliyə atılmağa cəhd göstərirdi. Hətta bir ailədə olan oğlan övladların hər biri belə düşmənə sarsıdıcı zərbə vurmağa hazır idi. Məsələn, Nazir və Tacir Allehverdiyev əkiz qardaşları belə gənclərdən idilər. Onlar düşmənlə döyüşdə böyük igidlik göstərərək şəhidlik məqamına yüksəldilər. Vətən torpağı bax belə igidlərin sayəsində düşmənin murdar ayaqlarından xilas edildi. Ordumuz tarixi ədaləti bərpa elədi. Bu Azərbaycan ordusunun qələbəsidir, xalqımızın uzun illərdir çəkdiyi həsrətin sonudur.
Həm xalqımız, həm də Ali Baş Komandanımız hər zaman ordumuza güvəndi. Ağdam işğaldan azad olunduqdan sonra bu rayona səfər edən cənab Ali Baş Komandanımız İlham Əliyevin Ağdam məscidinin qarşısındakı çıxışı bunun bariz nümunəsi oldu. “Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız… Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız… Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!” deyən dövlətimizin başçısı Rəşadətli Azərbyacan ordusunun qarşısında erməni ordusunun necə əzildiyini, rəzil duruma düşdüyünü bir daha hər kəsin diqqətinə çatdırdı. Prezident İlham Əliyev bununla erməni ordusunun ciddi travma alıdğını və bu travmadan sağalmasının çətin olacağını çatdırırdı hər birimizə.
Bəli, doğrudan da ermənilərin haqqında danışarkən dilləri ağzına sığmayan, mifləşdirdiyi ordu 44 günə məhv edildi. Amma, əgər Ermənistan hakimiyyəti kapituliyasiya aktına imza atmasaydı güclü ordumuz yerdə qalan erməni silahlılarını da yer üzündən siləcəkdi. Amma, işğalçı Ermənistanın artıq çıxış yolu qalmamışdı. Öz işğalçı ordusunu hələ işğaldan azad olunmamış digər ərazilərimizdən də çıxarmaq və məğlubiyyətini etiraf etmək məcburiyyətində qalmışdı. 44 günlük müharibədən sonra noyabrın 10-da Ermənistan biabrıçı məğlubiyyətini etiraf etdi. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən işğalçı ölkənin ordusu Kəlbəcər, Ağdam və Laçından çıxarıldı. Nəhayət, 30 ildir yağı tapdağında qalan torpaqlarımız azadlığa çıxdı.
Bununla Prezident İlham Əliyev atasının-Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük vəsiyyətini yerinə yetirmiş oldu. Azərbaycan xalqının arzusunu gerçəkliyə çevirdi. Torpaqlarımızı azad edən ən güclü Lider kimi adını tarixə əbədi həkk etdi.
İndi diqqəti çəkən başqa bir məqam da var. Hazırda dünya mediası, beynəlxalq təşkilatlar, xarici nümayəndəliklər əsgər və zabitlərimizin qəhrəmanlıqlarından böyük heyrətlə söz açırlar. Hətta bir sıra ölkələr Azərbaycan ordusunun təcrübəsindən yararlanmağa tələsirlər.
Bərdə rayon Qazaxlar kənd tam orta məktəbin direktor əvəzləyicisi Zövqiyyə Əsədova