23 Dekabr 2024

Əvvəlki illərə nisbətən şiddətli küləkli günlərin sayı 3,5 dəfə artıb

Umayra Tağıyeva: “Mayda şimal küləyinin güclənməsi siklonun keçməsi ilə bağlıdır”

Paytaxtda küləkli hava şəraitinin əvvəlki illərə nisbətdə intensivləşdiyi deyilir. Son dövrlər Bakıda külək niyə artıb? Ekoloqlar küləyin intensivləşməsi ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. İnsanlar isə küləkli havalarda özlərini narahat hiss etdiklərini, tez-tez xəstələndiklərini  bildirirlər. Xüsusilə allergiyası olanlar bu fəsildə əziyyət çəkirlər.

Bu cür hava şəraiti növbəti günlərdə də davam edəcəkmi? Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Yeni Müsavat”a bunları şərh edib: “Son illər küləkli günlərin sayında müəyyən bir dəyişiklik müşahidə edilir. Çoxillik meteoroloji müşahidələr təhlil edilir və nəticədə müəyyən olunub ki, güclü küləkli günlərin sayında artım var. İki dövr müqayisə edilib. İqlimin nisbətən sabit dövrü olan 1961-1991-ci illər və 2011-2020-ci illər üzrə müqayisəli təhlillərin nəticəsi göstərir ki, Bakıda və Abşeron yarımadasında küləyin ani maksimal sürəti 25 metr saniyə və bundan daha çox olan güclü küləkli günlərin sayı 12 dəfə artıb. Mingəçevirdə 9 dəfə, Gəncədə isə 7 dəfə artım müşahidə edilib.  35 metr saniyə isə artıq şiddətli külək sayılır. Şiddətli küləkli günlərin sayı 1961-1991-ci illərdə 35 metr saniyə və bundan artıq güclü külək ildə bir dəfə müşahidə olunurdu. Son onillikdə isə bu sayda artım müşahidə olunub. Son illərdə bu rəqəm 3-4 dəfə artıb. Bu da onu göstərir ki, şiddətli küləkli günlərin sayı 3,5 dəfə artıb. Bu ilin may ayı da xüsusilə küləkli hava şəraiti ilə səciyyələndi. Hazırda müşahidə olunan şimal küləyinin güclənməsi siklonun keçməsi ilə bağlıdır. Mayın 24-də gün ərzində  küləkli hava şəraiti müşahidə olunacaq. Ayın 25-də külək tədricən zəifləyəcək”.

Həkimlər isə hesab edir ki, külək havanın temperaturunu aşağı salır və bədənin soyuması baş verir. Soyuqdəymə riski də çoxalır. Küləkli havada normal ventilyasiya imkanları pozulduğundan nəfəsalma da çətinləşir. Təbii ki, belə şərait qan dövranının pozulması, ürək-damar, yuxarı tənəffüs yolları xəstəliklərində problemlər yaradır. Küləkli havalarda travma almaq riski, həmçinin nəfəs yollarının tozlanması baş verir.