25 Dekabr 2024

Azərbaycanlı və erməni gənclər barışıq üçün Strasburqa toplaşır – Qərb səmimidirmi?

“Avropa İttifaqının Şərq tərəfdaşlığı” çərçivəsində sülhə töhfə vermək naminə Qərb səfirləri çağırış etdi; deputat: “Sülhə aparan yol həm də vətəndaşların təmaslarını bərpa etməkdir”

Fransa və Almaniya səfirləri Azərbaycan və Ermənistan gənclərini iki xalqın barışığına töhfə verməyə çağırıblar. “Yeni Müsavat” bildirir ki, artıq Azərbaycan gənclərinin on nəfərdən ibarət nümayəndə heyəti iyunun 6-10-da Strasburqda səfərdə olacaq, Fransa, Almaniya və Ermənistandan olan həmyaşıdları ilə görüşəcəklər.

Görüş OFAJ təşkilatının (Fransız-Alman Gənclərin Ofisi) “Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın yeni istiqamətləri” proqramı çərçivəsində keçiriləcək. Fransanın Azərbaycandakı səfiri Zakari Qross bununla bağlı təşkil olunmuş mərasimdə bildirib ki, OFAJ Fransa, Almaniya və Avropa İttifaqının dəstəklədiyi danışıqlar kontekstində ermənilərlə azərbaycanlılar arasında barış prosesinə yardım göstərməyə çalışır.

Səfirin sözlərinə görə, bu təşəbbüs ötən ilin sonunda Brüsseldə liderlərin görüşündə müzakirə edilib və razılaşdırılıb. Almaniya və Fransanın birgə təşəbbüsü “Şərq tərəfdaşlığı” çərçivəsində həyata keçirilir. Diplomat qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra Almaniya və Fransa arasında əldə olunmuş barış Azərbaycanla Ermənistan arasında da mümkündür və o, buna inanır.

Fransada erməni gənclərlə görüşdə iştirak edəcək azərbaycanlı gənc fəal Şücaət Əhmədzadə bildirib ki, o, sülh quruculuğu sahəsində aktiv çalışan şəxslər arasından seçilib. Digər gənc fəal Asiman Qocayev isə qeyd edib ki, seçim prosesi zamanı iştirak edəcək gənclərin sülh quruculuğu ilə bağlı təcrübəsi, sülh prosesinə dair əlaqələri əsas götürülüb. 26 yaşlı Asiman Qocayev bir çox beynəlxalq layihələrdə menecer və təlimçi kimi fəaliyyət göstərir. Şücaət Əhmədzadə isə Britaniyanın Qlazqo Universitetinin tələbəsidir. Dövlət İdarəçilik Akademiyasının məzunu olan hər iki gənc müxtəlif illərdə sülh quruculuğu ilə bağlı layihələrdə iştirak edib, erməni gənclərlə dialoq aparıb. Bəs Azərbaycan dövləti bu cür görüşləri necə dəyərləndirir?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə 

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, sülh istiqamətində atılan bütün təşəbbüsləri dəstəkləyir. A.Mollazadənin sözlərinə görə, sülh yolu tələb edir ki, qarşılıqlı inamı artırmaq üçün vətəndaş cəmiyyəti, parlamentlərarası istiqamətlər formalaşsın: “Həmçinin medianın görüşləri, təmasları sülhə xidmət edəcək. Bu gün kommunikasiyaların açılması, delimitasiya işlərinin reallaşması həyata keçməlidir. Azərbaycana sülh lazımdır, stabillik lazımdır. Biz mühüm layihələr həyata keçiririk, bu səbəbdən sülh istəyirik. O baxımdan sülhə aparan yol həm də vətəndaşların təmaslarını bərpa etməkdir. Hər bir müharibə sülhlə yekunlaşır. Sülhə aparan yol da xalqların bir-birinə inamı ilə bağlıdır”.

Qeyd edək ki, gənclərin görüşünü təşkil edən OFAJ təşkilatı 1963-cü ildə yaradılıb. Təşkilatın əsas məqsədi gənclər səviyyəsində mədəni mübadilə yolu ilə Fransa-Almaniya əlaqələrini intensivləşdirməkdir. İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında yüz illərlə davam edən düşmənçiliyə son qoymaq üçün irəli sürülən təşəbbüslərdən biridir.