Azərbaycan ərazisində yaşayan ermənilər öz təhlükəsizlikləri və yaxşı güzəranları üçün Azərbaycan vətandaşlığını qəbul etməlidir
Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bir çox məqama toxunub. Dövlət başçısının diqqət yönəltdiyi mühüm mövzulardan biri də Qarabağda yaşayan ermənilərlə bağlı olub. Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan dövləti erməniləri öz vətəndaşları kimi qəbul edir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin həyat tərzi, sosial durumları Azərbaycanın digər bölgələri ilə müqayisədə ölçüyə gəlməz dərəcədə aşağıdır. Ermənistan Qarabağı 30 il işğalda saxlasa da, oranın Azərbaycana məxsus olduğunu bildiyi üçün bölgədə heç bir quruculuq işi aparmayıb. Daş daş üstə qoyulmayıb. Nəticədə Xankəndi və ətraf bölgələrdə ermənilər çox acınacaqlı vəziyyətdə ömür sürüblər. Ermənilərin gözü qarşısında Azərbaycan durmadan tərəqqi edir, sürətli inkişaf yolu keçir. Cəmi il yarım ərzində ölkəmizdə görülən nəhəng işlər erməniləri heyrətə düşürür. Bununla yanaşı Azərbaycan multikultural, tolerant ölkədir və çoxsaylı xalqların nümayəndələri rahat şəkildə yaşayırlar. Sözsüz ki, Azərbaycanın suverenliyini və qanunlarını qəbul edən ermənilər də vətəndaşımız olarsa, rahat həyat tərzi sürəcəklər. Eyni zamanda təhlükəsizlikləri də təmin olunacaq. Dövlət başçısı da bunu ermənilərin diqqətinə çatdırır və çağırış edir.
Ermənilər Prezidentin humanist çağırışından ciddi nəticə çıxartmalıdırlar. İlk növbədə isə onlara mane olan separatçıların cavabını verməlidirlər”.
Həsən Şirinov
YAP Goranboy rayon təşkilatının əməkdaşı