06 Fevral 2025

AĞSTAFA RAYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

06 may 2022-ci il tarixdə YAP Ağstafa rayon təşkilatının inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon təşkilatının, Ağstafa Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, Ərazi Partiya Təşkilatları rəhbərləri və fəalları, qazilər, könüllülər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə partiyanın qurucusu ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: “Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında yeni bir tarix yaratmışdır. Əgər ulu öndərin ötən əsrin 70-80-ci illərində qurub yaratdığı, inkişaf etdirdiyi Azərbaycan olmasaydı bu günümüzün mühüm nailiyyətlərindən danışmaq çətin olardı. Ulu öndər həmişə, hər zaman, ən ağır anlarda belə xalqı ilə bir olmuş, xalqının səsinə səs vermişdir. Ulu Öndərin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra da daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq vətəndaşlıq borcu olmaqla bərabər, həm də gələcək nəsillərə nümunədir. Ümummilli liderimiz Heydər Əliyev “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutaraq bu yolda İlham Əliyev şəxsiyyətinə inam ifadə edirdi. Sevindirici haldır ki, bu inam cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə ulu öndərin müdrikliyini bir daha əyani sübut etdi. Heydər Əliyev siyasətinin dərin zəka və ağıla söykəndiyini, xalqa, ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi.

”Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildirib ki, “Müstəqil Azərbaycanımız ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bugünümüz üçün qurulan möhkəm təməl üzərində inkişaf edir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişləndirib. Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Ona görə ki, 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında dəmir yumruq kimi birləşib.”

Daha sonra çıxış edən natiqlər – Zəlimxan kənd tam orta məktəbin direktoru Qalib Cəfərov və YAP Ağstafa rayon təşkilatının gənc fəalı Vüsal Həsənov bildiriblər ki, “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın banisidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu əbədidir. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək bugünümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hal-hazırda həmin qətiyyəti, siyasi iradəni dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaq böyük şücaətin, qəhrəmanlığın, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsidir.”

Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub.

Sonda isə Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə hazırlanmış film nümayiş etdirilib.