Yol da onun addımları ilə fəxr edirdi sanki – “Ruhani” KİŞİ
Yollara dikilən gözlərim “Ruhani”nin sədaları altında kəndimizə getdi
Mətbəxdə çay içirdim. Gözüm qeyri-ixtiyari yola dikilmişdi. Gəlib-gedən, boz asfaltda şütüyən maşınlara baxırdım. Rəhmətlik Tale müəllimin ifasında dinlədiyim Ruhani havası məni o yollarla birgə haralara aparmadı ki?! Elə bildim, bir yanda Sovetin amansız qanunu qarşısında susub oğullarını, həyat yoldaşlarını cəbhəyə göndərən ana-bacılar ağlayır. Elə bildim, uzaqdan bir qız səslənir: Əsgər gəlir! “Ruhani” havasını dinlədikcə “Tütək Səsi” filmi gözlərim önündə yenidən canlandı. Elə bildim, Cümrü yenə havalanıb! Tale müəllim “Ruhani”ni Ruhla, Eşqlə ifa edib!
…Yollara dikilən gözlərim Ruhaninin sədaları altında kəndimizə getdi. Gözlərim illər öncəni görmək üçün yol aldı kəndimizə. İllər öncəni xatırladım. Gözlərim önündə nələr canlandı. Yazacam. Maraqlı olsa oxuyarsınız.
…20-25 il öncə həyətlərin çoxu çəpərlə dövrəyə alınırdı. Bizim də həyətimizin bir hissəsi daş hasardan, bir hissəsi isə çəpərdən ibarət idi. Dərs saat 8:30-da başlayırdı. Qış vaxtı çəpərlər yetim, əyin-başı tökülmüş uşaqları, dünyadan doyub, heç nədə gözü olmayan nimdaş geyimli, beli bükülmüş qocaları xatırladırdı. Yol ilə gedən insanları çəpərin bu üzündən o üzünə görmək asan olurdu qışda. Tale müəllimgilin evinə bizim bağın başından (çəpərin o üzündən) ayrılan yolla gedilir. Çəpərin o üzündəki məhlədən hər səhər müəllimlər, şagirdlər dərsə tələsirdilər. Evimiz məktəbə yaxın olduğundan 8:20-də evdən məktəbə getmək üçün yola çıxmaq bizə kifayət edirdi.
Tale müəllim şagirdlərdən də, müəllimlərdən də tez gəlirdi məktəbə. O zamanlar Tale müəllimin maşını yox idi. Dərsə piyada gedib-gəlirdi. Səliqəli geyimi, ləngərli yerişi, amiranə addımları ilə hər səhər məktəbə gedirdi. Yuxudan oyanıb həyətdə əl-üzümü yumağa gedəndə hər səhər Tale müəllimin eyni vaxtda, eyni görkəmdə məktəbə getdiyini görürdüm. Məktəbə çatanda isə Tale müəllimin məktəb binasının qapısı önündə məğrur duruşunu görürdim. O duruş, o baxış özü bir məktəb, elm, tərbiyə idi.
Eynək taxardı. Anam deyərdi ki, şəkər Talenin gözlərini vaxtsız zəiflədib. Ancaq onu da deyim ki, eynək Tale müəllimə yaraşırdı.
Hər dəqiqə məktəbdə ucadan səsi gəlməzdi. Ancaq səsi ucadan gələrdisə, hər kəs öz yerinə çəkilərdi. Təmkinli, savadlı, zəhmli rəhbər idi!
Və bir də onun məktəbdən dönməyini xatırlayıram. Hamıdan əvvəl məktəbə gedən Tale müəllim hamıdan sonra məktəbdən qayıdardı. Yolun da görkəmi dəyişərdi Tale müəllim yolla gedəndə. Çünki o yol adamı, el adamı idi. Yol da onun addımları ilə fəxr edirdi sanki. Evimizə yaxın artezian var. Artezianın yanına çatanda onun boyu görünərdi. Artıq işdən evə dönürdü Tale müəllim. Məhəllələrinə ayrılan yolda həmsöhbət olduğu müəllimlərlə sağollaşıb (o müəllimlər kəndin başqa məhəllələrində yaşayırdılar) asta-asta evinə doğru addımlayardı.
29 il məktəbimizə rəhbərlik etdi. Şərəfini uca tutdu. O, əsl ziyalı idi!
Tale müəllimin yerişi, duruşu, baxışı mənə niyə doğma idi bilirsinizmi? Onu görəndə elə bilirdim ki, Şıxlı ilə görüşürəm. Şıxlı əzəməti var idi Tale müəllimin simasında. Şıxlıya gedəndə atam yolun kənarında amansız ruslar tərəfindən talan edilmiş, dağıdılmış, yerlə-yeksan edilmiş Ağalıq Yurdunu bizə göstərərək dərindən bir ah çəkir və deyir: Bura Ağaların Yurdudur, bala! Sonra da Atam bildiklərini danışır, gah kövrəlir, gah susur, gah da yurdu viran qoyanları lənətləyir!
Tale müəllimin üzünün cizgiləri, baxışı, hərdən danışanda alnını düyünləməyi, dərin fikrə getməyi Sovetlərin Ağalığa tutduğu divandan danışırdı! Haqsızlığa boyun əyməyib elindən qaçaq düşən Şıxlı Ağalarının əzəmətini görürdüm onun addımında! Kürün o tayından gecə ilə gəlib ailəsinə baş çəkib yenidən Kürün o tayına keçən, son damla qanına, son nəfəsinə kimi sovetlərlə vuruşan Ağaların əzəmətini görürdüm Tale müəllimin məğrurluğunda! İllərdir yoldaşlıq etdiyi, əhdinə xilaf çıxmayan atının belində Dəli Kürü bir göz qırpımında keçib, əlində beşaçılan, ürəyində qisas hissi, düşmənə əyilməyən kişilərin yenilməzliyini öz simasında yaşadırdı Tale müəllim. Ürəyini yurd yerində qoyub gedən, bir gün bu yurda mütləq dönəcəyik, qisasa-qisas deyən Ağaların amalını Tale müəllimin varlığında görürdüm!
Heç kim məndən inciməsin, küsməsin. Tale müəllim məktəbimizin əzəmətini də özü ilə apardı sanki. Ondan sonra məktəbimizin görkəmi də yadlaşdı, qəribələşdi, qəribləşdi!
Onun ifasında “Ruhani”ni dinlədikcə ruhum nələrə aydınlıq gətirmədi ki?!
Ruhunuz şad olsun, Şıxlı əzəmətli İşıqlı kişi!
Ruhunuza ehtiramla, Səbinə Yusif