05 Fevral 2025

Ölkənin siyasi həyatını dəyişən partiya ŞƏRH

“Yeni Azərbaycan Partiyası müasir Azərbaycan tarixində böyük bir fenomendir”

Müstəqilliyini bərpə edən Azərbaycanın 1991-1992-ci illərində ölkə təkcə erməni təcavüzü, sosial-iqtisadi problemlər, vətəndaş qarşıdurması ilə üz-üzə qalmamışdı, eyni zamanda cəmiyyətin siyasi həyatında, ölkənin siyasi sistemində, siyasi proseslərdə boşluq özünü labüd şəkildə göstərirdi.1992-ci ildə may çevrilişi ilə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü sözün əsl mənasında ölkəni hərci-mərciliyə, siyasi-hərbi uğursuzluğa düçar etmişdilər. Artıq dövlətin, dövlətçiliyin taleyi sual altına düşmüşdü. Belə bir vaxtda ölkənin 91 nəfər ziyalısı, ölkənin və millətin taleyini düşünən aydınlar Naxçıvanı ağır blokada şəraitində müdrikcə idarə edən Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. Müraciətdə Azərbaycanın xilası, ölkənin müstəqilliyinin qorunması ilə yanaşı onu inkişafa və tərəqqiyə apara biləcək dahi siyasi liderdən yeni qurulacaq siyasi partiyaya – Yeni Azərbaycan Partiyasına rəhbərlik etmək xahiş edildi. Ümummilli Liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq, dövlət üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çox illik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və onminlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, yeni təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ziyalıların müraciətinə cavabında isə Ulu Öndərimiz vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması tarixi və obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir…”

1992-ci ildə partiyanın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi, hərbi və iqtisadi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. Həmin dövrü Ulu Öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi prosseslərin içərisindən çıxan zərurətdir… Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan…ağır şəraitdə böyük təqiblər, təzyiqlər şəraitində yaranmış bir partiyadır”. Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, siyasi dialoq, milli birlik, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi prosseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər, şübhəsiz ki, partiya sıralarına insan axınını da sürətləndirir. Belə ki, ötən dövr ərzində partiyanın sıraları kəmiyyətcə artıb, keyfiyyətcə yüksəlib.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

“Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil siyasi qüvvə yoxdur”

III qurultayda Prezident İlham Əliyevin YAP-a Sədr seçilməsi partiyanın inkişafında yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyev partiya haqqında vurğulayıb: “Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu gün də çox yüksək səviyyədədir. Partiyanın Sədri kimi mən də ona rəhbərlik edirəm. Çox şad oluram ki, partiyamızın imkanları da, təsir dairəsi də artır. Partiyaya üzv olmaq istəyənlərin də sayı artır. Bu da çox müsbət əlamətdir. Xüsusilə, gənclər tərəfindən partiyaya maraq və üzv olmaq istəkləri onu göstərir ki, bizim partiyamızın çox cəlbedici məramı, proqramı var. Eyni zamanda, partiyaya daxil olmaq istəyənlərin sayının artması onu göstərir ki, bütövlükdə, partiyanın fəaliyyəti çox müsbətdir və insanlar tərəfindən dəstəklənir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil siyasi qüvvə yoxdur”.

Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Hər zaman ölkədə siyasi dialoq, milli həmrəylik və vətəndaş birliyində də avanqard rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) son VII Qurultayındakı partiya islahatları və siyasi optimallaşma və təmərküzləşmə addımları ilə opponentlərinə yenədə nümunə olduğunu göstərdi. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur.Daim siyasi inkişafda maraqlı olan YAP yalnız Nizamnamə, Proqram, struktur və heyət yeniliyi aparmadı, ölkə prezidenti və partiya rəhbəri cənab İlham Əliyevin təbiri ilə desək, möhkəm bünövrə, sağlam baza ilə yeni dövr və yeni siyasi fəaliyətə də start verdi. Bu isə ölkədə uğurla davam edən siyasi dialoq, milli həmrəylik və vətəndaş birliyində də YAP-ın öncül yeri və rolunu təsdiqləyir.Siyasi baxış və ideoloji yaxınlığı olan 6 siyasi partiyanın YAP-a birləşməsi hakim partiyaya təkcə kəmiyyət və keyfiyyət artımı gətirmədi, bu prosses ölkədə siyasi təmərküzləşmə və optimallaşmanın da labüdlüyünü göstərdi. YAP-ın bu nümunə olacaq addımı siyasi dialoq, milli həmrəylik və vətəndaş birliyində də daha böyük potensiallı, geniş areallı güclü partiyalarla əməkdaşlığın effektivlik yarada bilməsi üçün digər kiçik siyasi qüvvələr üçün də stimula çevriləcəkdir.YAP artıq yeni İdarə Heyəti, Təftiş Komissiyası və Mərkəzi Aparatı ilə, eləcədə Qurultaydan sonra seçilmiş və təsdiq edilmiş Gənclər Birliyi və yeni heyətli rayon (şəhər) təşkilatları və güclü üzv və kadr ordusu ilə dövlətimizin qədəm qoyduğu yeni inkişaf və islahat dövrü üçün bütün siyasi qüvvələrlə dialoq, həmrəylik və birliyə hazır olduğunu nümayiş etdirir.

Güclü siyasi partiyaların olmasında həm hökumət, həm cəmiyyət, həm də YAP maraqlıdır

Ölkədə siyasi partiya islahatları, siyasi optimallaşdırma və təmərküzləşməni labüd hesab edən YAP siyasi rəqiblərini təkcə çox üzvlü və güclü görmək də maraqlı deyil, hakim partiya, eyni zamanda, sağlam siyasi mühitin, ədalətli və bərabər hüquqlu siyasi mübarizənin və cəmiyyətdə normal siyasi çəkisi olan, oturuşmuş siyasi partiya sisteminin də mövcudluğunda maraqlıdır. Ötən müddət ərzində YAP-ın da yaxından iştirakı ilə həyata keçirilən çox tədbirlər, görülən əksər işlər milli maraqlarımıza tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyinə, Azərbaycan vətəndaşlarının rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikanın tərəqqisinə xidmət edib.Ölkədə YAP kimi güclü partiyaların formalaşmasına ehtiyac hiss olunur. Hazırda Azərbaycanda 50-dən artıq partiya var. “Siyasi partiyalar haqqında” mövcud qanuna görə partiyaların qeydiyyatı üçün üzvləri sayının minimum min nəfər olması lazımdır. Yeni qanun layihəsində bu rəqəmin artırılması təklif edilir. Etiraf edək ki, az üzvlərlə güclü siyasi partiya formalaşdırmaq mümkün deyil və bu, güclü partiyaların formlaşdırılması prosesini də ləngidir. Güclü siyasi partiyaların olmasında həm hökumət, həm cəmiyyət, həmdə YAP maraqldır.Prezident İlham Əliyev modern Azərbaycanın bu günkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün müzəffər Azərbaycan Ordusu qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs missiyanı şərəflə yerinə yetirmişdir.

Bu il 30 illik yubileyi qeyd edilən, Ulu Öndər Heydər Əliyevlə və ölkə prezidenti, müzəffər ali baş komandanımız cənab İlham Əlievlə şərəfli yol keçən YAP həqiqətən ölkənin siyasi həyatını dəyişən partiyadır. O üzdən, partiyaların siyasi təmərküzləşməyə, optimalaşmaya getməsi siyasi dialoq, milli həmrəylik və vətəndaş birliyində YAP-a yeni tərəfdaşlar qazandıracaq ki, bundan da qazanan müstəqil və güclü Azərbaycan dövləti və dövlətçiliyi olacaq.

Asif ƏSGƏRLİ

YAP İdarə Heyətinin üzvü