23 Dekabr 2024

2050-ci ilə qədər işğaldan azad olunan əraziləri sıfır emissiya zonası elan etməyə hazırlaşırıq

“BMT ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq mövcudddur və daha da çox olacaq. Xüsusilə də təbiətin mühafizəsi, suyun idarə edilməsi və digər istiqamətlər üzrə proqramlar hazırlamışıq”.

media1.az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, bunların müzakirəsi aparılıb, amma indi də gündəmdədir:

“BMT-nin bu sahədə olan təcrübəsi bizim üçün çox böyük səmərə verə bilər. Əsas məsələ texniki və müxtəlif layihələrin dəstəklənməsi, birgə həyata keçirilməsi və dünyanın ən yaxşı təcrübələrinin Azərbaycanda tətbiqidir. İşğaldan azad olunan ərazilərdə bu tədbirlərin həyata keçirilməsi bizim üçün daha böyük önəm kəsb etməlidir, xüsusilə də bütün sahələr üzrə – kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, şəhərlərin tikintisi, yaşıl kənd təsərrüfatı, ağıllı şəhər, ağıllı kənd, yaşıl ev, yaşıl koridor, ümumiyyətlə təbiətin mühafizəsi və s. Azərbaycan 2050-ci ilə qədər işğaldan azad olunan əraziləri sıfır emissiya zonası elan etməyə hazırlaşır. Ona görə də burada təbiətə dost olan bütün layihələrin həyata keçirilməsinə önəm veririk” – M. Babayev qeyd edib.