24 Dekabr 2024

“Ərəb insidenti” daha bir problemi qabartdı: Ovçu, insaf elə, keçmə bu düzdən…

Ekspert: “Yolsuzluq maşınları və ov tüfənglərinin səsi heyvanların axırına çıxır”

Ərəb ovçuları ilə yaşanan insident Acınohur düzənliyindəki faunanın vəziyyətinə diqqət yönəltdi. Məlum oldu ki, insanların fəaliyyəti səbəbiylə ceyran da daxil olmaqla, bir çox fauna növlərinə qarşı ciddi təhlükə var.

Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü Fərid Mansurovun AYNA-ya dediyinə görə, Qax Təbiət Qoruğu 2003-cü ildə yaylaq otlaqlarında və İlisu Dövlət Qoruğu ilə həmsərhəd olan Acınohur düzənliyində faunanı qorumaq, nəsli kəsilməkdə olan növləri bərpa etmək məqsədilə yaradılıb: “Ancaq ərəb turistlərlə son hadisələrin göstərdiyi kimi, bu cür turizm fəaliyyətləri bölgənin təbiətinə mənfi təsir göstərir. Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin ovlanmasından əlavə, yolsuzluq şəraitində nəqliyyat vasitələrinin istifadəsi nəticəsində qoruğun bitki örtüyünə də ciddi ziyan dəydi və ceyran populyasiyasına zərər verildi”.

“Qeyd etmək istərdim ki, aprel ceyranların çoxalması ayıdır. İndi 20-dən çox yolsuzluq maşını və ov tüfənginin səsi heyvanların təbii şəkildə artımına mənfi təsir göstərəcək”, – deyə həmsöhbətimiz bildirib.

Əlavə edib ki, bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 2 Nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Təbiət Qoruqları Ümumi Əsasnaməsinin aşağıdakı maddələrinə istinad etmək lazımdır:

1. Azərbaycan Respublikası Dövlət Təbiət Qoruğu ərazisində təbii komplekslərə və onların tərkib hissələrinə zərər verə biləcək hər hansı bir fəaliyyət qadağandır (Maddə 4.2);

2. Dövlət təbiət qoruqlarının yerləşdiyi torpaq sahələri mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı ilə və ya servitut hüququ (başqasının torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında məhkəmə qərarı ilə geri alınmadan istifadə edilə bilər (Maddə 4.3);

3. Dövlət təbiət qoruqlarının ərazilərində təbii komplekslərin və ya komponentlərin qorunmasını və ya bərpasını təmin etmək, habelə ekoloji tarazlığı qorumaq üçün torpaq mülkiyyətçiləri və torpaq istifadəçiləri müəyyən edilmiş məhdudiyyətlərə uyğun olaraq təsərrüfat fəaliyyətini həyata keçirməlidirlər (Maddə 4.4 );

4. Dövlət təbiət qoruqlarının ərazisindəki profilindən (məqsədindən) asılı olaraq aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər (maddə 4.6):

– ovçuluq və balıq ovu (tədqiqat məqsədləri üçün balıqçılıq istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat məqsədləri üçün istifadəsi və ovlanması;

– kütləvi idman və əyləncə tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması;

– qoruqların ekologiyasının keyfiyyətinə mənfi təsir göstərən, qorunan obyektlərin qorunma rejimini pozan və mövcudluğunu təhlükəyə atan hər hansı digər fəaliyyət”.

Qeyd edək ki, ETSN-in zooloqu Elşad Əsgərov da “Ekspert saatı” zamanı Acınohur düzənliyindəki ceyranların təhlükə altında olduğunu söyləyib. Onun sözlərinə görə, bu, Acınohur düzünün kimyəvi gübrələrin tətbiq olunduğu əkin sahələri ilə yaxınlığından irəli gəlir.

“Əvvəllər bu nadir növün populyasiyasının artırılması üçün əraziyə beş baş ceyran buraxılmış və son iki ildə ceyranların sayı iki dəfə artmışdı. Lakin arzu olunmayan yaxınlıq bu ərazidə həmin heyvanların çoxalmasına mane olur”, – deyən Əsgərovun sözlərinə görə, Acınohur düzündə xüsusi qorunan ərazinin – milli parkın yaradılması ilə bağlı təklif veriləcək.

Müəllif: Elya Belskaya