18 Oktyabr 2024

Yeni il türklərin ən qədim bayramıdır

Təbiətdə böyük dəyişikliklər və yenilik bayramı sonradan necə küknar bayramına çevrildi?

Hər bir qədim xalqın Yeni ilə keçid anlayışı maraqlı olduğu kimi, bir o qədər də fərqlidir. Bu mövzuda bir çox xalqların özünəməxsus adət və ənənələri mövcuddur. Qədim xalq olan türklərin də bu yöndə fərqli və maraqlı adətləri mövcud olub. Lap qədim dövrlərdə türklər 21 dekabrı Yeni il kimi qarşılayardılar. Macarıstanda yaşayan türklər hazırda bu bayramı tədqiq edib, araşdırır və yenidən günümüzə qaytarmaq istəyirlər. Belə ki, Yeni ilin keçirilməsinin bir çox variantları mövcuddur. Onlardan biri də Kara-Tun bayramıdır. Qədim türk mənbələrində və bu gün də bir çox türkdilli xalqlar  21 dekabrda bu bayramı qeyd edirlər. Çünki soykökünü itirməyən türklər bilir ki, türk xalqlarına bu bayram əcdadlarından qalıb.

Qədim köçəri xalqlar – hunlar, türklər və həm də qazaxların əcdadları arasında təbiət hadisələrinə inanc güclü olub. Köçəri insanlar təbiətin harmoniyası və qanunları ilə həmahəng yaşayırdılar. Köçərilər hündür, qocaman ağaçlara xüsusi qayğı ilə yanaşırdılar. Qədim inanclara görə, ağaclar hündürə boy atdıqca, onların ruhu da Yer və Göy arasında birləşir. Buna görə də Həyat ağacı simvolu bütün türk tayfaları və millətləri arasında bu günə qədər qorunub saxlanmaqdadır. Məsələn, ağacların budağına müxtəlif əşyalar, parçalar bağlamaq o inanclardan bəhrələnir.

Məlum olduğu kimi, qışda gündüzlər qısalır, gecələr uzun olur. Dekabr ayının axırında 20, 21 və 22 dekabr günlərində gecə ən uzun, gündüz ən qısa ömürə malik olur. Türk və qədim yunan mənbələrində “kara”, “qara” sözləri qaranlıq mənasını daşıyır. Buna görə də bu gün macarların dilində işlədilən “karaçon” sözü, daha çox günün qaraya çevrilməsi, qaranlığın artması, gecənin tez düşməsi ilə əlaqədardır. Macarların qədim mənbələrində və folklorlarında göstərilir ki, qədim macarlar 21-22 dekabr günlərində Kara tun bayramını xüsusi coşqu ilə qeyd edərlərmiş. Həmin uzun gecəni heç kəs yatmaz, qaladıqları tonqalın ətrafına yığışıb, işığın qaranlığa qalib gəldiyini, səhərin açıldığını gözləyərmişlər.  Onların Günəşin yenidən doğmasını, şəfəqlərinin yayılmasını canlanma kimi bayram edərdilər. Bu bayram onlarda işıq və ümid ənənəsi idi.

Bu gün Kara Tun bayramını bütün Avropa dillərində “rojdestvo” (doğuluş) sözü ilə əlaqələndirilir. Və bütün xristianlar 24 dekabr gecəsini  Müqəddəs  sayırlar. Onların inamına görə, həmin gecədə İsa dünyaya gəlib. Lakin macarların leksikonunda olan “karatun, karaçun”  sözü belə müqəddəslik mənasını vermir. Türklər bu bayramlarda əslində təbiətdə baş verən ciddi dəyişiklikləri qeyd edirmişlər. Bununla bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün qumuq əsilli məşhur türkoloq alim, yazıçı Murad Adcının araşdırmalarına diqqət edək: “Altayda küknarlar həmişə qeyri-adi gözəlliyə malik olub. Ox kimi düz qamətli küknar hələ qədim zamanlarda türklər arasında müqəddəs ağac sayılıb. Türklər bu ağacı həmişə evə gətirər, hələ 3-4 min il bundan əvvəl insanlar onun şərəfinə bayramlar təşkil edərdilər. Küknar bayramı qışın ən şiddətli çağında – 25 dekabrda keçirilirdi. Belə hesab olunurdu ki, məhz bu vaxtdan gündüz gecəyə qalib gəlir. Günəş əvvəlkindən bir qədər çox üfüqün üzərində qalırdı. Adamlar həmin gün Ulgənə dualar edir və ona Günəşin qayıtmasına görə təşəkkür edirdillər. Dualar qəbul olunsun deyə, adətən Ulgənin sevimli ağacı olan küknarı bəzəyirdilər. Onu evə gətirib budaqlarına parlaq, zolaqlı baftalar bağlayıb, ətrafına hədiyyələr düzürdülər”.

Üstündən neçə min illər keçməsinə baxmayaraq, qədim türklərin bayramı hələ də unudulmayıb. Hazırda bu, hər kəsə məlum olan «Yeni il» küknar bayramıdır. Ulgənin adı Şaxta baba kimi təqdim olunsa da, onun bayramdakı rolu və geyimi olduğu kimi qalıb. Yenə də əvvəlki kimi adamlar küknar ağacının ətrafında dövrə vurub fırlanır və heç kim heç nədən şübhələnmədən şənlənir. Küknar o dərəcədə müqəddəs sayılırdı ki, hətta tanrıçılıq dövründə ölən adamların qəbirlərini küknar budaqcıqları ilə döşəyirdilər. Küknar ağacına ehtiram ənənəsini xalqların Böyük köçü dövründə türklər Şərqi və Mərkəzi Avropaya gətirdilər.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, kaftan, şapka, qurşaq, keçə çəkmələr – yəni Şaxta babanın geyimi qədim türk geyimlərindəndir. Onlar da eynilə belə geyinirdilər. Arxeoloqlar və tarixçilər bunu tam dəqiqliyi ilə sübut ediblər. Rəvayətə görə, Ulgənin qardaşı Erlik olub. Ulgən xeyir, işığı, nuru təmsil etdiyi halda, Erlik şəri və zülməti təmsil edirmiş. Bu arada «Xeyirlə şər qardaşdır», «gecə ilə gündüz qardaşdır» kimi el məsəllərini də unutmaq olmaz.

Yazını hazırlayarkən Türkiyə mətbuatında yer alan maraqlı bir məlumatla da qarşılaşdıq. Deyilənlərə görə, IV əsrdə türklərin yaşadığı Mira şəhərində Nikolay adlı arxiyepiskop var imiş. (Türkiyənin cənub-qərbindəki Patara şəhərində zəngin bir xristian ailəsində doğulubmuş). Nikolay müxtəlif adlarla da tanınır: Santa Claus, Saint Nicholas, Saint Nick, Father Christmas, Kris Kringle, Santy və ya Santa. Avropada bu bayramın əlamətlərindən biri kimi, əfsanəvi Santa Klausun da məhz Türk torpaqlarından biri olan Türkiyə ərazisində yaşaması faktı bir neçə il əvvəl təsdiqlənib. Fakta görə, Santa Klaus kimi tanınan Müqəddəs Nikolay Antalyada yaşayıb və bütün Anadoluda tanınıb. Onun doğum və ölüm tarixləri dəqiq məlum olmasa da tədqiqatlara görə, təxminən 200-400-cü illər arası mövcud olub. Antalya yaxınlığındakı tarixi Mira şəhərində dəfn olunan Santa Klaus sonradan xristian müqəddəsləri sırasına daxil edilib. Və məşhur Xaç yürüşləri zamanı, daha dəqiq desək, 1087-ci ldə onun nəşi (mumiyalanmış cəsədi) oğurlanaraq Avropaya aparılıb ki, hazırda o, İtaliyanın Bari şəhərindədir. Əfsanəyə görə, Santa Klaus kimi tanınan Nikolayın «müqəddəs» adlandırılması möcüzələr törətmək bacarığından qaynaqlanıb. Rəvayətə görə, o, həm də kasıblara hədiyyələr paylayırmış ki, vaxt keçdikcə bunu İsanın mövludu, sonra isə Yeni il ilə əlaqələndiriblər.