Danimarkadan Ukraynanın müdafiə sənayesinə 4,2 milyardlıq yatırım
Danimarka və Ukrayna Ukraynanın müdafiə sənayesinə 4,2 milyard Danimarka kronu (628 milyon dollar) məbləğində investisiyanın yatırılması barədə razılığa gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, Ukraynanın silah və texnikası Danimarkanın maliyyə yardımı ilə cəbhəyə çatacaq. Bunun üçün o, dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən istifadə edir.
Müdafiə naziri Trels Lund Poulsen ukraynalı həmkarı Rustem Umerov və strateji sənaye naziri German Smetanin ilə birlikdə Ukraynanın müdafiə müəssisələri ilə müqavilələr üzrə əməkdaşlığı davam etdirmək niyyəti haqqında saziş imzalayıb. Nazir bildirib ki, bu, “ukraynalıların tələb olunan silahları istehsal etmək qabiliyyətini gücləndirir”.
Layihələr Danimarka Parlamentinin dəstəyi ilə hökumətin bu məqsədlə ayırdığı 1,3 milyard kron və Danimarkanın AB adından nağdlaşdırmalı olduğu dondurulmuş Rusiya aktivlərindən 2,9 milyard kron hesabına maliyyələşdiriləcək: “Danimarka Ukrayna müdafiə sənayesinə birbaşa silah ianələri ilə liderlik edir. Bu, ukraynalıların məhz tələbat olan silahları istehsal etmək qabiliyyətini gücləndirir”.