08 Dekabr 2024

Otuz illik doğma torpaq həsrətinin sonu

20 oktyabr – Zəngilan şəhəri günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.

Öncə qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə ölkəmizin həyatında yeni səhifənin açılması bütün sahələrdə, o cümlədən dövlət quruculuğu və siyasi islahatların davamlılığında yeni mərhələnin başlanmasından xəbər verir. Azərbaycanın bu gün öz daxili imkanlarına arxalanaraq, yeganə rəqibinin zaman olduğunu önə çəkərək bərpa və quruculuq istiqamətində atdığı addımlar Böyük Qayıdışın tezliklə gerçəkləşməsinə yönəlib. İşğaldan azad edilmiş ərazilərimizə soydaşlarımızın qayıdışı, orada yeni həyatın başlanması islahatları qaçılmaz edir. Artıq məlumdur ki, bu torpaqlarda təkmil idarəçilik sistemi yaradılıb. Qarabağımız yeni idarəçilik əsasında bərpa edilərək böyük mədəniyyət və turizm məkanına çevriləcək. Bu, bizim doğma Zəngilana da aiddir.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

2020-ci ilin 27 sentyabrından başlayaraq hər gün Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi. Bəli, biz əminliklə deyirdik ki, müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilməyəcək. Doğma torpaqlarında müharibə aparan insanlar ərazi bütövlüyünü qarış-qarış bərpa edirdi. Nəhayət, həmin il oktyabrın 20-də bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Zəngilan düşmən tapdağından xilas olundu.

İşğaldan azad olunmuş rayonda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı