15 Dekabr 2024

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalanır

2023-cü il oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti Zəfər və qürur səhifəsi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə dövlət başçısı seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cənab İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində böyük qürurla və əminliklə bildirdi ki, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik”.

Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalanmaqla yanaşı, eyni zamanda şəhərin inzibati binasının üzərinə Dövlət Gerbimiz həkk edildi. Bu, həm də Qarabağ iqtisadi rayonuna vurulan Azərbaycanın dövlət möhürüdür. Eyni zamanda milli dövlətçilik tarixində SSRİ-nin parçalanmasından sonra ərazi bütövlüyümüzün bərpası deməkdir.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldandan sonra etdiyi çıxışında cinayətkarların da cəzasız qalmayacağını vurğulayıb: “Özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə”. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”.

Prezident İlham Əliyev Xankəndi şəhərində çıxışı zamanı müasir tariximizin olduqca önəmli məqamlarını xalqımıza xatırlatmaqla yanaşı, bir çox mühüm mesajlar verdi. Cənab Prezident çıxışında xatırlatdı ki, yüz il bundan əvvəl Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Cənab Prezident çıxışında deyib: “Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər.” Azərbaycan Prezidentinin Xankəndi müraciəti mərkəzi hakimiyyətin Qarabağın gələcəyinə, Ermənistanla normallaşma münasibətinə ismarışdır. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi.

Tağı İmamverdiyev YAP Ağstafa rayon təşkilatının əməkdaşı