15 Dekabr 2024

20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edilmişdir

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 4 il ötür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı ən böyük uğurlardan biri Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin-Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu bəyan edib.

Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub. Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Hazırda işğaldan azad edilən digər ərazilərimiz kimi Zəngilan şəhəri və kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Tezliklə Zəngilan respublikamızın ən gözəl şəhərindən birinə çevriləcəkdir.

Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib. Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə medallarla təltif ediliblər.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı