15 Dekabr 2024

Şanlı Ordumuz Vətən müharibəsində yeni tarix yazdı

Məlum olduğu kimi, 30 il ərzində düşmən işğal etdiyi ərzilərimizdə bir neçə xəttdən ibarət müdafiə zolağı yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt yarıldı və Füzuli qısa müddətdə işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi. Ermənilər və bütün dünya artıq Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qaldı. Vətən müharibəsi dövründə də davam edən Ermənistanın növbəti cinayətləri, mülki əhaliyə qarşı edilən terrorlar çirkin siyasətin məntiqi idi. Belə ki, 2020-ci ilin oktyabrın 10-da Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri humanitar atəşkəs elan edilməsi haqqında bəyanat qəbul etmişdi. Lakin Ermənistan Respublikası nəinki buna əməl etməyib, əksinə, oktyabrın 11-də onu ciddi şəkildə pozaraq öz ərazisindən Gəncə və digər şəhərlərimizi “SKAD” tipli raket kompleksindən atəşə tutmuşdu. Bütövlükdə Ermənistanın bu addımı müharibə dövründə mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasının və bu cür silahların mülki əhaliyə qarşı istifadəsini qadağan edən beynəlxalq sazişlərin müddəalarına ziddir. Ermənistanın bu cür silahlarla təchiz edənlər də həmin silahların qanunsuz istifadəsinə görə məsuliyyət daşıyırlar.

Azərbaycan xalqının torpaq uğurunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmənamığından qaynaqlanırdı.Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi. Vətən müharibəsində  Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı.

27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”. Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı