Ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etdirilir
Ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Cari ilin 26 sentyabr tarixi Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyev bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə başçısı qeyd etdi ki, qeyri-neft sektorunun inkişafında müsbət tendensiyadır. Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik.
Son 21 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi. Paytaxt Bakıda, regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, infrastrukturun tamamilə yenilənməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşması iqtisadi inkişafımızın göstəriciləridir. Dövlət başçısı İlham Əliyev sözügedən müşavirədə keçilən yolun təhlili və günün əsas çağırışlarının açıqlanması fonunda belə bir əminliyi ifadə etdi ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, bu halda gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.” Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar iqtisadi inkişafımızı daha da sürətləndirəcək”.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı