08 Dekabr 2024

Ölkəmizin xarici siyasəti uğurla inkişaf etdirilir

Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açır. Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq.

Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir.

Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Belə ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən ilk əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyul ayında imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” oldu. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Azərbaycanın xarici siyasətinin keçmiş Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələsi olan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının göstəricisi kimi dəyərləndirildi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır. Dövlətimizin başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu. Bu fikir hər iki ölkənin dövlət başçıları tərəfindən qeyd edilir ki, Sovetlər Birliyinin dağılmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Bir mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanatı imzalayan üçüncü tərəf məhz Rusiya Prezidenti Vladimir Putin oldu.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı