08 Dekabr 2024

Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi qələbənin əbədi simvoludur

15 oktyabr 2023-cü il Azərbaycan xalqının yaddaşında qızıl hərflərlə yazılacaq bir tarixdir. Bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq 30 ildən çox davam edən mübarizənin zəfər çələngini bərqərar etdi. Azərbaycan xalqı üçün müqəddəs olan bu an yalnız bir qələbə deyil, həm də ölkəmizin suverenliyinin, müstəqilliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Tarix boyu Azərbaycan xalqı azadlıq uğrunda mübarizə aparmış və bu mübarizə Xankəndidə qaldırılan bayraqla əbədiləşmişdir.
İlham Əliyev Prezident vəzifəsini qəbul edərkən əsas məqsədi Azərbaycan torpaqlarının işğaldan azad edilməsini təmin etmək idi. Hər bir Azərbaycan vətəndaşı üçün bu müqəddəs bir vəzifə sayılırdı. Bu hədəfə çatmaq üçün illərlə davam edən səylər xalqımızın fədakarlığı və dövlətimizin qətiyyəti ilə nəticələndi. Xankəndidə qaldırılan bayraq illərlə çəkdiyimiz həsrətin və azadlıq arzusunun gerçəkləşməsi deməkdir. Artıq Azərbaycan beynəlxalq miqyasda tanınan güclü bir dövlət olaraq öz nüfuzunu təsdiq etmiş və bölgədəki mövqeyi möhkəmlənmişdir.
Azərbaycan yalnız öz daxilində deyil, geniş regionda sülh və təhlükəsizliyin təminatçısı kimi tanınır. Regiondakı münaqişələrin sülh yolu ilə həlli üçün beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Azərbaycanın irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi ilə nəticələnmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılan hüquqi və siyasi zəmin Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı gücün təzahürüdür. Bu zəmin üzərində dayanan güclü iqtisadiyyat müstəqilliyin dayanaqlığına zəmanət verir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı təkcə ölkəmizin rifahını artırmaqla qalmamış, eyni zamanda əsgər və zabitlərimizin gücünü də möhkəmləndirmişdir. Müstəqil və güclü bir dövlət üçün iqtisadi inkişaf ilə yanaşı güclü orduya malik olmaq da zəruridir.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla xalqımızın ürəyində xüsusi yer tutmuşdur. Şuşanın azad edilməsi ilə nəticələnən bu müharibə xalqımızın əzmini, iradəsini və vətənpərvərliyini bir daha sübut etdi. Şuşa Azərbaycan xalqı üçün müqəddəs bir yerdir və onun azadlığı düşmənin məğlubiyyətini qəbul etməsi ilə nəticələndi.
Antiterror əməliyyatları Azərbaycanın milli maraqlarını qorumaq üçün qaçılmaz idi. Azərbaycanın sülhə və regional stabilliyə önəm verməsi antiterror əməliyyatlarını əsaslı etmişdir. Bu əməliyyatlar Xankəndi və digər ərazilərimizin azad edilməsinə yol açdı və bu torpaqlarda əbədi olaraq Azərbaycan bayrağının dalğalanmasına zəmanət verdi. Azərbaycan xalqı yalnız müharibə meydanında deyil, həm də diplomatik arenada öz iradəsini nümayiş etdirərək düşmənə layiqli cavab verdi və Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Bu gün Xankəndidə dalğalanan bayraq yalnız torpaqlarımızın azad olunmasını deyil, həm də ölkəmizin ərazi bütövlüyünü və suverenliyini əks etdirir. Azərbaycan əsgəri və zabiti bu müqəddəs torpaqlarda öz vəzifəsini ləyaqətlə yerinə yetirmişdir və bu gün Xankəndidə bayrağın ucalması onların fədakarlığının bir təcəssümüdür.
Azərbaycan xalqı üçün bu qələbə illərlə çəkilən çətinliklərin və itkilərin müqabilində əldə edilmiş bir zəfərdir. İşğal altında qalan torpaqlarımızda yaşayan 1 milyona yaxın insan evsiz-eşiksiz qalaraq qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu illər ərzində erməni təcavüzkarları torpaqlarımızda böyük dağıntılar törətmiş, yaşayış yerlərimizi və mədəni irsimizi məhv etmişdir. Xocalı soyqırımı xalqımızın üzləşdiyi ən ağır faciələrdən biridir və bu soyqırım Azərbaycan xalqının yaddaşında əbədi iz buraxmışdır. Bu gün azad edilmiş torpaqlarımıza qayıdan hər kəs erməni təcavüzünün nəticələrini öz gözləri ilə görür və bir daha Azərbaycanın mübarizəsinin haqlı olduğuna şahidlik edir.
Azərbaycan xalqının milli qüruru və mənəvi dəyərləri tarixin hər mərhələsində qorunmuş və saxlanmışdır. Heydər Əliyevin sovet dövründə Qarabağda sabitliyi təmin etməsi və erməni millətçilərinin fəaliyyətini dayandırması Azərbaycanın müstəqilliyinə olan bağlılığını göstərir. Lakin onun uzaqlaşdırılmasından sonra, erməni təxribatları yenidən baş qaldırmış və işğalın əsası qoyulmuşdur. Xalq Cəbhəsi və Müsavat hakimiyyətinin səhvləri nəticəsində torpaqlarımız işğal edilmişdir. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu torpaqları azad etdi və Xankəndi şəhərində qaldırılan bayraqla bu torpaqların əbədi olaraq Azərbaycana məxsus olduğunu sübut etdi.
Azərbaycan xalqı üçün bu qələbə gələcək nəsillərə miras buraxılacaq bir zəfərdir. Xankəndidə dalğalanan bayraq təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də Azərbaycan xalqının mübarizə iradəsinin simvolu olaraq əbədi qalacaq. Bu bayraq ölkəmizin suverenliyini və müstəqilliyini qorumağa həsr edilmiş bir həyatın və xalqın əzminin ifadəsidir. Bu gün Azərbaycan xalqı Xankəndidə qaldırılan bayraqla öz milli qürurunu və dövlətçilik iradəsini bütün dünyaya bir daha bəyan edir.
 
Leyla Mehtiyeva – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qrumlarla işin təşkilatçısı