04 Oktyabr 2024

Yeni layihələr: Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək

Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bugünkü müşavirədə biz iqtisadi məsələləri müzakirə edəcəyik. İlin sonuna cəmi üç ay vaxt qalır. İlin sonuna qədər görüləcək işlər haqqında da fikir mübadiləsi aparılacaq.Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

Şon illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir.

Ancaq təbii olaraq, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır. Təkrar etmək istəmirəm, son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı.

Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. . Elə etməliyik ki, biz gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı