08 Dekabr 2024

COP29-un Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük fürsətdir RƏY

COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqtisadiyyatını şaxələndirmək, enerji keçidini və yaşıl texnologiyaların tətbiqini sürətləndirmək, həmçinin beynəlxalq səhnədə nüfuzunu daha da artırmaq üçün böyük fürsətdir.

Bu sözlər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun COP29-un iqtisadi üstünlükləri ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın beynəlxalq nüfuzunun artması

COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi Azərbaycanın beynəlxalq səhnədə ekoloji siyasətin reallaşdırılması istiqamətində ciddi addımlar atan bir ölkə kimi tanınmasını təmin edəcək. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə və ticarət əlaqələrində daha möhkəm mövqe tutmasına, yeni tərəfdaşlıqlar qurmasına imkan verəcək.

Xarici investisiyaların cəlbi

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə yaşıl enerjidən istifadənin genişləndirilməsi sahəsində fəallığını, həmçinin bərpaolunan enerji üzrə nəhəng potensialını dünya ictimaiyyətinə nümayiş etdirəcək. Həm bərpaolunan enerji stansiyalarının, həm də gələcəkdə yaşıl texnologiyalar üzrə istehsal müəssisələrinin yaradılması üçün xarici investisiyaların cəlb edilməsinə böyük imkanlar yaradacaq. Müqayisə üçün qeyd etmək olar ki, 2023-cü ildə istismara verilmiş Qaradağ Günəş Elektrik Stansiyası 262 milyon ABŞ dolları, həcmində xarici investisiya hesabına reallaşdırılıb. Gələcəkdə min meqavatlarla yaşıl güclərin reallaşdırılması milyardlarla dollar xarici sərmayənin ölkəmizə cəlb edilməsi deməkdir.

Yeni istehsal və xidmət sahələrinin, eləcə də yeni iş yerlərinin yaradılması

COP29 tədbirinə ev sahibliyi etmək Azərbaycana yaşıl investisiyaların cəlb edilməsi ilə yeni istehsal və xidmət sahələrinin, eləcə də yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, bərpaolunan enerji sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasına təkan verəcək. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) və Beynəlxalq Əmək Təşkilatının (ILO) 2024-cü ildəki ortaq hesabatına əsasən, bərpaolunan enerji sahəsində iş yerlərinin sayı 2023-cü ildə 16,2 milyon təşkil edib. Konfransın keçirilməsinin gənclər arasında bərpaolunan enerji və enerji səmərəliliyi kimi sahələrə olan marağı artıracağı da istisna edilməməlidir. Bu isə yeni peşə bacarıqlarının formalaşdırılması istiqamətində mühüm addımdır.

İqlim maliyyəsi və qrantlardan faydalanma

COP konfransları inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə qrantlar və maliyyə vəsaitlərinin ayrılmasına dair razılaşmaların imzalanmasına səbəb ola bilər. Azərbaycan bu cür maliyyə resurslarından, xüsusilə enerji səmərəliliyi və yaşıl enerji sahələrində layihələrin maliyyələşdirilməsi üçün istifadə edə bilər.

Xidmət sektorunda canlanma

COP29 konfransı ölkəyə minlərlə xarici nümayəndə, jurnalist, ekspert və turistin gəlişinə səbəb olacaq. Bu isə xidmət sektoru üçün böyük bir iqtisadi aktivlik yaradır. Otellər, restoranlar, nəqliyyat və digər xidmət sahələri ciddi dərəcədə fayda götürəcək. Ölkəyə gələn qonaqlar Azərbaycanın mədəniyyəti və təbiətini daha yaxından tanıyaraq respublikamızın turizm potensialını da artıracaq.

Birləşmiş Ərəb Əmirlikləri nümunəsi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən COP28 tədbirinə 70 mindən çox iştirakçı, o cümlədən dünya liderləri, biznes nümayəndələri və ekoloji fəallar qatıldı, bu da turizm sektorlarına böyük təsir göstərdi. Otellərin doluluq səviyyəsi bəzi bölgələrdə 100 faizə çatdı. Bundan əlavə, COP28-in təşkil olunması ilə BƏƏ özünü qlobal yaşıl təşəbbüslərin mərkəzi kimi möhkəmləndirərək, infrastruktur layihələrinə böyük həcmdə investisiyalar cəlb etdi ki, bu da ölkənin uzunmüddətli iqtisadi artımına töhfə verir.