04 Oktyabr 2024

Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpası haqqında qanun qəbul etdi. Çox təəssüflər olsun ki, biz müstəqilliyin şirinliyini dada bilmədik. Ermənilərin Azərbaycana ərazi iddiaları, erməni havadarlarının Ermənistanı müdafiə etməsi və bunun nəticəsi olaraq Azərbaycan torpaqlarının çox böyük bir hissəsi düşmənin işğalı altına düşdü. Digər tərəfdən ölkənin daxilindəki proseslər ölkəni süquta doğru aparırdı, Azərbaycanın taleyi məsələsi həll olunurdu. Belə bir dövrdə Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi və bütün çətinliklərə baxmayaraq qardaş qırğınının qarşısını aldı, vətəndaş müharibəsinin baş tutmasına imkan vermədi və xarici dövlətlərlə bağlı isə balanslaşdırılmış siyasəti həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də Prezident seçkilərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə etimad göstərdi və Heydər Əliyev Azərbaycan dövlətinin Prezidenti seçildi. Bununla da Azərbaycanı həm daxili təhlükədən, həm də xarici işğalçı dövlətin təsirindən qurtarmaq üçün Ulu Öndər fəaliyyətə başladı və beləliklə Azərbaycan düşmən caynağından qurtuldu. Buna görə də müstəqil Azərbaycan dövlətinin quruculuğundan danışarkən 1993-cü ilə böyük önəm veririk. 1993-cü ildə Heydər Əliyev Bakıya gəlməsəydi, Azərbaycanın sonrakı taleyi ilə bağlı xoş fikir söyləmək qeyri-mümkün idi.Ulu Öndər hakimiyyətə gələn kimi ilk növbədə Azərbaycan ilə Ermənistan arasında atəşkəsin bağlanmasına nail oldu. Həmin dövrdə ordu dağınıq və zəif idi, Azərbaycanın hərbi rəhbərliyində fikir ayrılıqları mövcud idi. Lakin atəşkəsin elan edilməsi ilə ordu quruculuğu işinə başlanıldı. Digər tərəfdən Azərbaycan iqtisadi cəhətdən tənəzzülə doğru gedirdi. Bunun qarşısını almaq üçün də Heydər Əliyev “Əsrin Müqaviləsi”nin imzalanmasına nail oldu.

Tarixin sonrakı dövrlərində də Azərbaycanın dövlətçilik tarixi ilə bağlı Ulu Öndər Heydər Əliyev mühüm addımlar atdı. 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul olundu və bu da dövlətimizə uğur gətirdi.Ümummilli Lider Naxçıvanı blokadadan, erməni işğalından qurtardığı kimi Azərbaycanı da işğaldan qorumaq üçün mübarizə apardı. Ulu Öndərin apardığı mübarizə, azərbaycançılıq siyasəti özünü doğrultdu. Azərbaycan bu gün bütöv, suveren dövlətdir və dünya dövlətləri bizimlə hesablaşmalı olurlar. Tariximizə faciə və tənəzzül dövrü kimi daxil olan 1990-1993-cü illərdə Azərbaycan məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyulub, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qaytarılıb.Dahi şəxsiyyət ölkədə formalaşan siyasi sabitliyin davamlılığını təmin etmək üçün özünün elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasını irəli sürüb və mərhələlərlə onun icrasına nail olub. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib.

Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olub.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı