Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident!
![](https://media1.az/wp-content/uploads/2022/04/fd0f0daf-3a62-4fe7-bfa1-9725f49db3ec-1024x824.jpg)
2018-ci il aprel ayının 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmiş və görkəmli dövlət xadimi, yeni əsrin yeni lideri Yeni Azərbaycan Partiyasının bu seçkilərdəki namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74,3% iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsası isə sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi və cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqın bu yüksək etimadı əslində ölkə başçısının ötən müddətdə Azərbaycanın əsrə bərabər inkişaf yolu keçməsi ilə nəticələnən fəaliyyətinə verilmiş qiymət idi. Əlbəttə İlham Əliyev cənablarının 19 illik prezidentliyinin əsas məqsədi şəxsən özünün də dəfələrlə qeyd etdiyi kimi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsi, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür. Müdrik və uzaqgörən xalqımızın seçiminin nə qədər doğru olduğu həyata keçirilən genişmiqyaslı fəaliyyətdə bir daha özünü sübuta yetirdi. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi.
Ötən müddət ərzində Azərbaycan xalqı hər zaman öz liderinə güvənmiş və inanmış, ona arxa və dayaq olmuşdur. Cənab Prezident də hər zaman böyük fəxrlə qeyd etmişdir ki, əldə edilmiş bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində xalq olaraq inanırıq ki, cənab Prezident İlham Əliyev xalqımızı və dövlətimizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.
Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.