18 Oktyabr 2024

Qış turizmi mövsümü başladı: Hara getmək olar?

Xəbər verildiyi kimi, Azərbaycanda qış turizmi mövsümünə start verilib. Azərbaycanda 3 qış turizm mərkəzi var. Bunlar “Şahdağ” Turizm Mərkəzi (Qusar), “Tufandağ” Qış-Yay Turizm Kompleksi (Qəbələ) və Ağbulaq Xizək Mərkəzidir (Naxçıvan Muxtar Respublikası). Lakin daha geniş imkanlara malik olanı  “Şahdağ” Turizm Mərkəzidir. 18-19 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə keçirilmiş mediaturda bu barədə geniş məlumat verilib.

“Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəzin direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, ərazidə yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

“Şahdağ” Turizm Mərkəzində 3 otel yerləşir. 4 ulduzlu “Şahdağ Hotel və Spa” zərif lüksün və qonaqpərvərliyin ən yaxşı standartlarını özündə cəmləşdirir.  Həmçinin 3 ulduzlu “Zirvə” hoteli biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün ideal imkanlar yaradır. Digər 3 ulduzlu “Gaya Residences Shahdag” isə Qafqaz dağlarında yerləşən ilk ailə apartamentidir. Məxsusi olaraq ailələr üçün nəzərdə tutulmuş bu obyektdə özünüzü evinizdəki kimi hiss etməniz üçün lazım olan bütün şərait yaradılıb.

“Şahdağ” Turizm Mərkəzində 17 qış əyləncə növündən istifadə etmək mümkündür. Burada kanatla yanaşı, snouboard, xizəksürmə, “zip-line” (kanatla sürüşmə), paraplan, “Shahdag coaster” və digər əyləncə növlərindən zövq almaq olar.

Bu Mərkəz ən çox xarici turistlərin üstünlük verdikləri istirahət məkanıdır. Rəsmi statistikaya görə, ötən mövsümdə (2021-ci il dekabr-2022-ci il mart) qış turizmi mərkəzlərinin yerləşdikləri şəhər və rayonlardakı hotellərdə gecələyənlərin 37 faizi əcnəbilər təşkil edib. Qusar rayonunu seçənlərin 39 faizini, Qəbələni isə 34 faizini xaricilər təşkil edib.

Ancaq qışda turizm mərkəzlərinə getmədən də istirahət etmək mümkündür. Mediatur çərçivəsində təqdimatla çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova digər qış fəaliyyətlərindən bəhs edib.

Bunlardan Qrız – Qalaxudat (Quba rayonu) gəzinti marşrutunda olan Gur – Gur şəlaləsi qışda donaraq ecazkar mənzərəyə bürünür. Şəlaləyə əsasən Qrız kəndi ərazisindən gedilir. Yolsuzluq avtomobilləri ilə çatdıqdan sonra 1,5 km piyada cığırla gedərək şəlaləyə çatmaq mümkündür. Qış aylarında həftəsonları bu şəlaləyə turlar təşkil edilir. Turlar çərçivəsində Qrız kəndindəki qonaq evlərində  gecələmək və ekoloji təmiz məhsullardan hazırlanmış yeməkləri sifariş etmək mümkündür.

Eyni zamanda, Laza şəlalələri Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinin yaxınlığında yerləşən  Laza kəndinin ərazisində yerləşir. Turistlərin marağını cəlb edən əsasən qoşa şəlalələr və Suvar şəlaləsidir. Qış aylarında bu şəlalələr donduğu zaman  buza dırmanma turları həyata keçirilir. Xüsusi texniki ləvazimatlardan istifadə edilərək həyata keçirilən bu dırmanma növündə tamamilə təhlükəsizlik qaydaları təmin olunur. Bu fəaliyyət üçün  iştirakçılardan hər hansı dırmanma  bacarığı və xüsusi ləvazimat tələb olunmur, turu həyata keçirən təlimatçı bütün bunları təmin edir.

Həmçinin Qaranohur gölü Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində Talıstan və Diyallı kəndlərinin ərazisində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Gölə əsasən Talıstan kəndindən gedilir. Milli parkın giriş qapısından gölə qədər məsafə 4,5 km təşkil edir. Bu məsafəni 3 km yolsuzluq avtomobilləri ilə, qalan hissəsi isə çay yatağı və dik yoxuşla piyada qət etmək mümkündür. Qış aylarında gölün səthi donduğu üçün həftəsonları buraya turlar təşkil olunur. Turistlər qar və donmuş gölün mənzərələrində şəkil çəkdirməklə yanaşı piknik edirlər.

Qış aylarında quş müşahidəsi etmək də böyük maraqla qarşılanır. Bu mövsümdə əsasən bataqlıqlarda, sahilyanı ərazilərdə bəzgək kimi spesifik və çox gözəl quş növlərinə rast gəlinir. Noyabr ayının sonundan mart ayının əvvəlinə qədər düzənlik ərazilər daha çox diqqət mərkəzində olur. Lakin qarlı zirvələri ilə Qafqaz və Talış dağları da fərqli gözəlliklər yaratmaqla bərabər, həm də bir çox nadir quş növlərinə ev sahibliyi edir. Bu mövsümdə əsasən bəzgəklərin qış dəstələri, Şirvan və Ağgöl Milli Parkları və Mingəçevirdə bataqlıq quşları müşahidə olunur.

İstirahətinizi Bakıda keçirmək arzusundasınızsa, bu zaman hamamlara da üz tuta bilərsiniz. Bakıdakı hamamlar bir yerə toplaşmaq, dincəlmək və şirin söhbət üçün ənənəvi yerlərdən sayılır. Bakının mərkəzində 19-cu əsrdə inşa edilmiş ictimai hamamlardan olan Təzəbəy hamamı ən çox üstünlük verilən istirahət yerlərindən biridir. Keçmişi canlandıran, tarixi 19-cu əsrə gedib çıxan Ağa Zeynal hamamı İçərişəhərin mərkəzində ənənəvi xidmətlər təklif edən məşhur hamamlardan biridir. İçərişəhərdə yerləşən və 18-ci əsrdə Şamaxı taciri Ağa Mikayıl tərəfindən inşa edilmiş orijinal Şərq təəssüratı yaradan Ağa Mikayıl hamamı isə Bakıda bu günə kimi fəaliyyət göstərən ən qədim hamamdır.