20 İyul 2024

1 sentyabrda dünya demokratik seçkilərin şahidi olacaq – YAP İH üzvü

“Artıq Prezident İlham Əliyevin 28 iyun sərəncamı ilə Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış və növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir. Mövcud qanunvericiliyə görə seçkilərlə bağlı hazırlıq işlərinə rəsmən strat verilmişdir. İnanırıq ki, 1 sentyabrda bütün dünya Azərbaycanda keçiriləcək demokratik seçkilərin şahidi olacaq”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, parlament seçkilərinin keçirilməsi müddətinin önə çəkilməsi mövcud reallığın tələbidir: “Çünki, bildiyimiz kimi, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə keçiriləcək. Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Lakin eyni ayda iki belə mötəbər işin mükəmməl şəkildə reallaşdırılması mümkün deyildir. Bütün bunlar çox böyük məsuliyyət tələb edir. Buna görə də, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması təşəbbüsü irəli sürlmüşdür. Çox müsbət haldır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs millət vəkilləri tərəfindən dəstəklənmişdir”.

Politoloq bildirib ki, YAP hər zamanki kimi, qarşıdan gələn parlament seçkilərinə də ciddi hazırlaşır: “Seçkilərə hazırlıq seçki kampaniyası dövründə daha intensiv xarakter alacaq: “YAP geniş şəbəkəyə malik olan partiyadır. YAP malik olduğu təşkilati və insani resurslarını seçki kampaniyasına səfərbər edəcək. Bu mənada YAP rəhbərliyi qarşıdan gələn seçki kampaniyası ilə əlaqədar proqramını bəyan edəcək. Növbədənkənar parlament seçkilərində Azərbaycan xalqı hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Ən önəmli məsələ isə ərazi bütövlüyümüz bərpa edilib. Bu parlament seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi ilə yadda qalacaq. Əminik ki, 1 sentyabr seçkilərində də Azərbaycan vətəndaşları iqtidar partiyası olan YAP-ın irəli sürəcəyi namizədlərə dəstəyi açıq şəkildə ifadə edəcəklər”.