20 İyul 2024

Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir

Ölkəmizin enerji siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir. Hazırda alternativ enerjiyə uğurlu keçidin nümunəsidir. Müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir.

Dövlətimizin başçısı İlham Əliyev iyunun 21-də “Euronews” televiziyasına müsahibəsində bu reallıqlara bir daha diqət yönəltdi. Bildirdi ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. İyunun 4-də 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri çərçivəsində ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimi keçirildi. Bu, yalnız başlanğıcdır, çünki orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etmək planlaşdırılır. Hədəfimiz bəllidir.  Potensial var.

Dövlətimizin başçısı bu mühüm məqamı da xüsusi qeyd etdi ki, ölkəmizdə sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq üzərimizə düşən öhdəlikdir.

Göründüyü kimi, Azərbaycanda bərpaolunan enerjiyə diqqət, bu mövzuda müzakirələr getdikcə artır. Yaşıl enerjiyə keçid strategiyası qlobal iqlim dəyişmələrinin qarşısını almaq və sağlam həyat şəraitini təmin etmək məqsədi daşıyır. Dünyada neft, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan Avropanın enerji təminatında vacib rol oynayır. Ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji istehsalı sahəsində də özünəməxsus yer tutmaq istəyir.

Prezident İlham Əliyev 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində də 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını xüsusi qeyd edərək onun regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd etdi, Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən bəhs etdi. Gələcəkdə 1 qiqavat həcmində bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi gəlirlərini artıracaq, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Bu məqsədlə ölkəmiz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyir. Bərpaolunan enerji gündəliyimiz günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmayacaq. Hazırda Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdiririk.

Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır: “Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.”

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsində marağına və verdiyi, eyni zamanda, bundan sonra verəcəyi töhfələrə işıq salır. Hər bir sahədə zəngin təcrübəyə malik olan Azərbaycan enerji diplomatiyasının uğurlarının davamlılığı ilə diqqətdədir. Möhkəm təməl, hər dövrün çağırışlarına uyğun olaraq atılan addımlar Azərbaycanın uğurlarını şərtləndirir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri