09 Dekabr 2024

Mətbuat işçilərinin sosial müdafiəsi

Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub.

Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. 

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı