04 Noyabr 2024

Perspektiv əməkdaşlıq əlaqələri

Azərbaycanın Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşünə ikinci dəfə dəvət olunması dövlətimizin, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki mühüm rolunu, dünya liderləri arasındakı böyük nüfuzunu növbəti dəfə təsdiq etdi. Dünyanın ən nüfuzlu və mötəbər qurumlarından olan ŞƏT-in ölkəmizə göstərdiyi maraq sübut edir ki, Azərbaycanla əməkdaşlıq bu təşkilat üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın artan siyasi və iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, icra etdiyi böyük layihələr ölkəmizi dünyanın cazibə mərkəzinə çevirib. “Ölkəmizin sahib olduğu tranzit və nəqliyyat-logistika imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasına verdiyi ciddi dəstək ŞƏT-ə üzv dövlətlərin diqqətini cəlb edir. Onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Təsadüfi deyil ki, təşkilatın təsisçilərindən olan Qazaxıstan Prezidenti Azərbaycanın gələcəkdə bu mötəbər quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verdi.

Azərbaycanın bu mötəbər Sammitdə iştirakı Prezident İlham Əliyevin ölkə həqiqətlərini və regiondakı reallıqları növbəti dəfə dünya birliyinin diqqətinə çatdırması baxımından da çox önəmlidir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri bu baxımdan bizim üçün mühüm tribunadır. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıqla bağlı memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi mühüm istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu istiqamətlər Azərbaycan üçün də çox vacibdir və dövlətimizin başçısı bu Sammitin yaratdığı imkanlardan maksimum yararlanaraq dünya birliyinə lazımi mesajlarını verir.

Sammitdə dövlət başçısı bri sıra vacib məqamlara toxunaraq qeyd etdi ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb, həmçinin Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir və Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

Azərbaycan həm də Şanxay Əməkdaşlıq Təşkilatında iştirak etməklə Azərbaycan-Ermənistan və Qərb dövlətlərinin bu məsələyə münasibəti məsələsini bir daha Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan dövlət başçıları ilə danışanda irəli sürdü. Azərbaycan bu sülh müqaviləsini imzalamağın tərəfdarıdır, əlindən gələni edir, şərtləri irəli sürür. Çox təəssüflər olsun ki, Ermənistan müəyyən bəhanələr gətirməklə sülh müqaviləsini imzalamağı gecikdirir. Amma bütün bunlara baxmayaraq Azərbaycan sülh istəyir, sülhün tərəfdarıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Təkcə Cənubi Qafqazda deyil, dünyada sülhün, əmin-amanlığın yaranması üçün, iqtisadi əlaqələrin bundan da artıq inkişafı üçün əlindən gələni edir. Bu, Azərbaycan dövlətinin siyasətidir. Azərbaycanın dövlət başçısı da Şanxaydakı görüşlərdə bir daha ŞƏT-in zirvə görüşündə elan etdi ki, Azərbaycan öz siyasi ənənələrinə sadiqdir və sülh, əmin-amanlığın qorunması üçün əlindən gələni edəcəkdir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı