22 Dekabr 2024

Hər hansı vasitəçiliyə artıq ehtiyac yoxdur

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən  “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumuna 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox iştirakçı qatıldı. Forum istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısı İlham Əliyevin çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri 30 ildə vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi oldu.

“Burada – Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyən Prezident İlham Əliyev tədbir iştirakçılarına erməni vəhşiliyindən geniş bəhs etdi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, hazırda  keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti bu gün də  davam edir.  

Müharibə başa çatıb torpaqlarımız öz tarixi sahibinə qovuşsa da ermənilərin bu illər ərzində törətdikləri vəhşilikləri, faciələri unuda bilmərik. 30 ildə Ermənistanın əsas hədəfi Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Danışıqları uzatmaq, vaxt qazanmaq üçün törətdiyi təxribatlara münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin susması daim dövlətimizin sərt reaksiyasına səbəb oldu. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, dünya ikili standatlara  əsaslanan siyasətə son qoymalı, beynəlxaq hüququn norma və prinsiplərinin, qətnamələrin icrası, tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Lakin bəzi dünya gücləri bu çağırışları eşitməzdən gəldilər.

BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq Ermənistana heç bir sanksiya tətbiq edilmədi, bu qətnamələrin icrası istiqamətində addım atılmadı. Kağız üzərində saralan qətnamələri Azərbaycan dövlətinin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə təkbaşına icra etdi.

30 illik işğal dövrünün təhlili bu fikrə əsas verir ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Forumdakı çıxışında “Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar” bildirən dövlət başçısı onu da əlavə etdi ki, iyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi  Minsk qrupunu yenidən canlandırmaq istiqamətində səyləri görürük. Əlbəttə ki, Azərbaycan dövləti bu səyləri dəstəkləmir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ağdamın timsalında erməni vəhşiliklərini Forum iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı İlham Əliyev  “Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik” söyləməklə Ermənistana və ona bu gün də dəstək verən dövlətlərə mesajlarını çatdırdı.

Torpaqları 30 il işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan idi. Dünyadan ədalət gözləyən Azərbaycan idi. BMT qətnamələrinin  icrasını tələb edən Azərbaycan idi. Bunların fonunda  ədaləti və beynəlxalq hüququ bərpa edən də Azərbaycan oldu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri aparılır. Artıq Qarabağ münaqişəsi tarixə qovuşub. ATƏT-ni Minsk qrupunun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Əksər dünya gücləri özlərinə inam yaratmaq, etimad mühitini formalaşdırmaq üçün ikili standartlara əsaslanan siyasətə son qoymalıdırlar. Yeni reallıqlar bunu bir tələb kimi qarşıya qoyur.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri